DGK və “Huawei Tech. Azerbaijan” arasında protokol imzalandı

dgk-ve-huawei-tech-azerbaijan-arasinda-protokol-imzalandi
Oxunma sayı: 2033

Bu gün Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, imzalanma mərasimində DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Komitənin müvafiq strukturlarının rəhbərləri, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və “Huawei” şirkətinin təmsilçiləri iştirak ediblər.

Niyyət protokolunun imzalanmasında məqsəd Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi sahəsində qarşılıqlı dəstək və birgə layihələrin icra edilməsidir.

Mərasimdə çıxış edən İsmayıl Hüseynov bildirib ki, Azərbaycan və Çin arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən iqtisadi əlaqələr inkişaf edir. Qarşılıqlı iqtisadi-ticari əlaqələrin prioritet istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsi olduğunu qeyd edən Komitə sədrinin birinci müavini bu əlaqələrin daha da genişləndirilməsində Dövlət Gömrük Komitəsinin maraqlı olduğunu vurğulayıb.

Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev Azərbaycan gömrük sistemində aparılan son islahatlar, xüsusilə informasiya texnologiyaların tətbiqi ilə bağlı məlumat verib.

Çinin Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan iki ölkə arasındakı iqtisadi münasibətlərdən bəhs edərək Azərbaycanın Çinin ənənəvi dostu və tərəfdaşı, mühüm nəqliyyat dəhlizi üzərində yerləşən strateji ölkə olduğunu bildirib. 

"Huawei" şirkətinin Avropa və Asiya üzrə nümayəndəliyinin rəhbəri Janq Jijian təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat verərək şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb. 

Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov və “Huawei Tech. Azerbaijan” MMC-nin rəhbəri Lu Canlin imzalayıblar.