Diaspora Komitəsində Heydər Əliyevin xatirəsi anılıb

diaspora-komitesinde-heyder-eliyevin-xatiresi-anilib
Oxunma sayı: 1218

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) kollektivi və bir qrup diaspor rəhbəri bu gün Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

“Qafqazinfo” xəbər verir ki, daha sonra Dövlət Komitəsində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyev Fondunun ulu öndərə həsr etdiyi qısametrajlı sənədli film nümayiş olunub. 

Mərasimdə iştirak edən Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, ölkənin inkişafında ulu öndərin misilsiz xidmətlərindən danışıb.

Dövlət Komitəsinin sədri Fuad Muradov isə müstəqil Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycan diaspor siyasətinin formalaşması, xaricdəki soydaşlarımızın təşkilatlanması, DİDK-nın yaradılması istiqamətində əvəzsiz rolundan bəhs edib. Bu gün ulu öndərin azərbaycançılıq ideyalarını uğurla davam etdirən prezident İlham Əliyevin xaricdəki soydaşlarımıza hər zaman diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Dövlət Komitəsinin sədri həmçinin, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ulu öndərin zəngin irsinin, ölkəmizin mədəni dəyərlərinin davamlı olaraq təbliğ edildiyini də diqqətə çatdırıb. 

Anım mərasimində ABŞ-da fəaliyyət göstərən diaspor rəhbəri Aleksandriya Soltanzadə və digərləri çıxış edərək ulu öndərlə bağlı xatirələrini, fikirlərini bölüşüblər.