Dikdaban geyinən qadının sərgüzəşti

dikdaban-geyinen-qadinin-serguzesti
Oxunma sayı: 1940

Azər Qismət

Gərgin iş günündən sonra filarmoniyaya tələsdim. Azərbaycan-İtaliya Cəmiyyətinin dəvəti ilə ora gedəndə düşündüm ki, bəstəkar Kəmalə Əlizadənin əsərlərinə qulaq asıb dincələrəm. “Dante və Fizulinin dialoqu” adlı klassik musiqi gecəsinə ölkənin görkəmli bəstəkarları, İtaliyadan gəlmiş bəstəkar və dirijorlar, eləcə də “milli kübar”larımız təşrif buyurmuşdu.

Klassik musiqi gecəsi başlandı. Elə musiqinin qanadlarında ruhumuzu dincəldib qanadlarında pərvazlanırdıq ki, bir qadının dikdaban ayaqqabısının səsi vaxtilə buranı tikdirən Bakı milyonçusunu da qəbrində qurcalandırdı. Oturanlar dönüb ona baxdılar. Kübar cəmiyyətin nümayəndəsi təəssüratını yaradan qadın zalın bir tərəfindən digər tərəfinə taqqatuqla addımlayıb əyləşdi.

Hamı sakitləşdi. Yenə də klassik musiqi dünyasının qanadlarında pərvazlandıq, Avropanın ölkələrinə baş vurduq, bu janrın dahiləri - Bethovenə, Şopenə salam verdik, qamətli qadın opera müğənniləri ilə bir fincan qəhvə içdik. Və birdən...Bayaq taqqıltı salan qadını kimsə öz yanına çağırdı. Düşündük ki, qadın bayaqkı baxışlardan elə üşənib və utanıb ki, daha çağırılan yerə getməyəcək, ya da ayaqqabılarını çıxarıb altına pambıq yapışdıracaq. Qadın nəinki getdi, hətta “idu doroqoy” deyə səsləndi, şaqraq gülüşü filarmoniyanın 20-ci əsrin ziyalılarını, milyonçularını görən divarlarında ilişib qaldı. Aydın oldu ki, bu adam gözünü açandan “kübarlığı” belə görüb, onun anatomiyasını dikdaban tufli ilə mədəni tədbirə gələn qadına anladan olmayıb.

Ona başa salıblar ki, kübarlıq 5-10 karatlıq brilyantların taxılması, “nu”, “da”, “ladno” sözlərindən geninə-boluna istifadə edib uzun müştüklü siqareti harda gəldi tüstülədib qırışıqlı dodaqlarını büzüb havaya püfləməkdir. O, belə görüb. O görüb ki, kübarlıq ötən əsrin 60-cı illərində Bakıda yaşayan erməni və yəhudilərlə bağlı xatirələri bölüşmək, “bılı takie vremena” deyib “ah” çəkməkdir. Daha əksəriyyəti onu deməyə utanır ki, erməni və yəhudilərin yanında sadəcə fırlanıblar, onlar kimi ola bilməyiblər, tökdüklərindən bir az yığıblar. Bu adamlar professor və akademiklərin qarşısında elə danışırlar ki, həmin şəxslər onlara fağır-fağır qulaq asırlar. Qırmızı şalvarı əyinlərinə keçirib yaşıl ayaqqabı geyinənlər milli kökənli insanları qaralayıb onları it yerinə qoymayanda iç dünyalarında bir incə məsələni dəqiq biliblər: “Biz milli deyilik...biz onlardan ancaq 3-4 buğum dolanan şərflərlə fərqlənirik...bir də mövzunu bilməyib ətraflarında fırlanmaqla...bizim öz dünyamız var”.

Filarmoniyada dikdaban ayaqqabı ilə gəzən qadın da bunları bilirdi. Bilirdi ki, mədəniyyətimizi yalnız belələri “təmsil” edə bilərlər. Daha xarici qonaqların yanında milli düşüncəni ortaya qoyub öz haqq işimizi təbliğ edənlər yox. O qadın da öz dünyasında idi. Respublikada baş verən hadisələrə qarışmırlar, sanki başqa planetdən gəliblər, hər hansı məsələyə vətəndaş mövqeyi bildirmirlər, istənilən məsələnin həllində israrlıq nümayiş etdirmirlər, bir xəstənin müalicəsi üçün ağız açmırlar. Bütün bunların onlara dəxli yoxdur. Bax, belə edilərsə əsil kübar olarsan.

Bizim fərqlənən və müştüklü əksər kübarlarımızla qanuni oğrular arasında heç bir fərq yoxdur. Qanuni oğruların öz dünyası olduqları kimi qırmızı corablılarımızın da başqa dünyası var. Qanuni oğrularda millət söhbəti olmadığı kimi milli kübarlarımız da erməni ilə görüşüb söhbətləşməyi, ağız-ağıza öpüşməyi ayıb bilməzlər. İstəyir torpağın 25 yox, 45 faizi işğal olunsun, əksər milli kübarlarımız qarışmayacaqlar. Çünki öz dünyaları, öz mövzuları, öz maraqları var. Maraqlıdır ki, belə adamlara həmişə yaşıl işıq yandırılır. Mədəniyyətə dair tədbirlərdə bizi onlar təmsil edir. Çünki onlara bu şəraiti yaradanlara elə gəlir ki, Avropadan təşrif buyuranları məhz bizim bəzi “kübarlar” qarşılamalıdır. Birdən onları qalstukunu kavendiş, vindsor, kelvin, vikrtoriya formasında bağlayanlar yox, kolxozsayağı bağlayan milli görkəmli ziyalılarımız qarşılayar, yaxşı çıxmaz, ayıbdır. Birdən Qarabağa dair haqq işimizi niyə öz tribuinalarından müdafiə etmədiklərinə görə onları qınayarıq, içdikləri viski boğazlarından keçməz, qanları qaralar. Qonaqları ancaq laqeydlər qarşılamalıdır ki, onlar üçün şən olsun, bura dərdimizi dinləməyə gəlməyiblər ki? Halbuki, öz dünyaları olan bəzi kübarlarımız erməni və yəhudilərin tökdüklərini yığışdırdıqları 60-cı illərin Bakısından uzağa gedə bilməyiblər. Onlar elə Rusiyanın Kobzonuna, Zinoviy Qerdtine, Oleq Tabakovuna, bəyənmədiyimiz Moiseyevinə baxsalar görərlər ki, onlar ölkələrinin haqq işini necə müdafiə edirlər. Hətta Rusiyanın İŞİD-ə qarşı hücumların vaxtında atılan qərar olmasını amerikalı ziyalıların yanında əsaslandırmaq üçün necə hayqırırlar. Onlara xarici ziyalıların şən olmaları lazım deyil. O lazımdır ki, xarici ziyalılar onların dərdinin bir parçasından özləri ilə yaşadıqları ölkəyə aparsınlar. Bizim kübarlar isə xaricidən bir söz soruşurlar: “Sizə pis olmadı ki?”.

Ona niyə pis olsun ki?! Əgər qulağına marağında olmadığı haqq işimiz üfürülmürsə.

Boynunuzdakı şərflərinizi isə 3-4 buğum dolamayın. İndi Avropada belə dəbdə deyil. Heç olmasa internetə girib yeni dəblərə fikir verin. Qalmısız 50 il bundan əvvəlin qəlibində. Müştüklərinizi isə təmizləyin... qurum bağlayıb...