Diktatorların tənhalığı

diktatorlarin-tenhaligi
Oxunma sayı: 1891

Təbriz həbsxanasında günahsız yerə tutulduğumuz vaxtda hər cür cinayətkarla rastlaşırdıq. Məsələn, anasını 2 metr şnura görə boğub öldürən, bacısını zorlayıb o dünyalıq edən və s. Bacısını zorlayıb öldürən cinayətkarın anası hər həftə görüşə gəlir, oğluna pal-paltar, yemək-içmək gətirirdi. Məəttəl qalırdıq ki, necə ola bilər, ana belə bir cinayət törətmiş övlada bunca yaxşı baxa. 
 
Yaxud da zina üstündə tutulanın arvadı ərini müdafiə edir, hər həftə görüşə gələrdi. Bir dəfə edam məhkumundan soruşdum: necə olur ki, qızı zorlanan ana oğlunu, əri zina edən qadın həyat yoldaşını diqqətsiz qoymur, hər həftə gəlir, yemək, içmək, pal-paltar gətirir. Edam məhkumu təəccübümə rişxəndlə gülüb izah elədi: Cinayətkarın yaxınlarının qəlbində az da olsa onun günahsızlığına, hadisələrin hansısa zərurətdən doğduğuna inam qalır. Bu hissin adı sevgidir. Bu inam - sevgi çöldəkinin də, həbsdəkinin də yaşam səbəbi olur. Əgər belə olmasa, o cür cinayətlər törətmiş dustaqlar intihar edər. Həbsxanada ən çox intihar edənlər, hamının günahlandırdığı, bircə nəfər tərəfindən də cinayətinə bəraət qazandırılmayan adamlar olur. 
 
Qəribədir həmin günün səhəri tualetdə özünü asmaq istəyən bir dustağı tutub apardılar. Anasını arvadı ilə birgə öldürüb basdırmışdı, məhkəmədə az qala vəkili belə onun üzünə durmaq məcburiyyətində qalmışdı. Ancaq nədənsə içəridə çox şən görünürdü. Bir gün həbsxananın içindəki bufetdən 3-4 müxtəlif rəngdə sap aldı və onları bir-birinə doladı. Hamıya deyirdi ki, ərusət (kukla) toxuyur. Sapları bir-birinə toxuyandan sonra gecə gizlicə özünü asmaq istəyəndə tutulmuşdu. Onda bildim ki, əgər o anasını yox, başqa bir adamı öldürsəydi, anası ona təsəlli verəcəkdi və onun bu dünyada yanında bəraət qazana biləcəyi kimsəsi olacaqdı. 
 
Əgər həyatımızda bizim günahsızlığımıza inanan insanlar olmasa, daim gücümüz, qüdrətimiz təqdir olunsa, onda bu o deməkdir ki, biz diktatoruq və bizim səhvlərimizi deməyə heç kəsin gücü çatmır, ətrafımız saxtakarlardan ibarətdir və biz cinayətkardan min qat betərik. Bu dünyada (hətta heç bir günahın olmasa da) hər kəsin onun günahsızlığını, səhvlərini, gücsüzlüyünü bilən və onu qəbul edən insanlara ehtiyacı var. Əgər o təmiz insanlar yoxdursa, ətrafımız, ancaq bizi tərifləyən ağılsız güclərdən ibarətdirsə, biz ancaq tərif söyləyənlərin, hər cür avam, əxlaqsız, qəddar əməllərimizə haqq qazandıranların gözündə idealıqsa, deməli, biz həqiqətən diktatoruq, tənhayıq və günahkarıq... Belədirsə, bizim günahımıza ALLAH inanır...