Din adı ilə qətllər törətmək xəyanətdir

din-adi-ile-qetller-toretmek-xeyanetdir
Oxunma sayı: 951


Xatırladaq ki, bu terrorçu qruplaşma İraq və Suriya ərazisində "İslam şəriətinə" əsaslanan teokratik dövlət qurmaq uğrunda savaşdığı bildirir və bu savaşda baş kəsmək, ictimai yerlərdə partlayışlar törətmək, dinc əhalini qətlə yetirmək kimi zorakı vasitələrə əl atır. İŞİD terrorçularına görə, əqidəsi onlardan fərqli olan hər bir şəxsi öldürmək caizdir.

“Qafqazinfo” İslam.az-a istinadən xəbər verir ki, rəsmi Bağdad terrorçu qrupun yerli həbsxanalardan birindən 1400 məhbusu azadlığa buraxdığını bildiriblər. Minlərlə insan zorakılıqlardan qurtulmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıb 

İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.

BMT-nin statistikasına əsasən, bu ilin başlanğıcından terrorçularla qarşıdurmalar nəticəsində 4500-dən artıq insan qətlə yetirilib.

Beləliklə, 21-ci əsrdə başkəsən-qatil terrorçular geniş əraziləri, iri şəhərləri öz nəzarəti altına alır və dünya da buna seyrçilik edir. Hətta rəsmi Dəməşqə qarşı savaşdığından, bir sıra dövlətlər bu terrorçulara dəstək də vermiş olur. Tərkibində çoxlu sayda azərbaycanlı radikal-islamçıların da yer aldığı İŞİD-in İraq və Suriya ordusu ilə savaşda uğurlu əməliyyatlar keçirməsi və şəhərləri öz nəzarəti altına alması ciddi məqamlardan xəbər verir. Bu terrorçu qruplaşma güclü maliyyə imkanlarına, ən müasir silah-sursata malikdir və döyüşçüləri yüksək səviyyədə hərbi təlimlər keçirlər. Bütün bunlar isə, güclü dövlətlərin dəstəyi olmadan, şübhəsiz ki, mümkünsüzdür.

Dünyada və regionda gedən siyasi oyunlar müasir dövrümüzün müsəlman aləmində İŞİD kimi terrorçu qrupların ərsəyə gəlib güclənməsinə səbəb olub. Dünyanın müxtəlif ölkələrində yaşayan onminlərlə radikal təmayüllü islamçı bu terror qruplarının sıralarına cəlb olunur. Təəssüflər olsun ki, onların sırasında soydaşlarımız da var. Əlinə silah alıb, “Allahu əkbər” şüarı ilə müsəlmanları qətl etməklə “cihad” edən bu qatillərin sayəsində dünyada İslamın adı terrorla eyniləşdirilir və dinimizin nüfuzuna ciddi xələl dəyir. Belə bir halın kimlərə sərf etməsi də bəllidir. Hər halda, müsəlmanlar elə müsəlmanların əli ilə məhv edilir, şəhərlər viran edilir, ölkələr dağıdılır.

Aydın məsələdir ki, bunların heç biri dinə, İslama xidmət deyil, tam əksinə, dinə, İslama qarşı açılan cəbhədir. Bu cəbhədə iştirak edən radikal islamçılar isə anlamalıdırlar ki, dünyada İslam silah gücünə, insanların qətli bahasına, baş kəsmək, qan tökmək vasitəsilə yayıla bilməz və yayılmayacaq da! İslam dininin yayılması yalnız müsəlmanların elmə, biliyə yiyələnib müasir dünyanın aparıcı sivil güc mərkəzinə çevrilməsilə mümkün ola bilər.

Din adı ilə qətllər törətmək, “cihad” adı ilə bəşəriyyəti məhv etmək əslində dinə və insanlığa edilən ən təhlükəli xəyanətdir. Allah dini də, bəşəriyyəti də bu xəyanətdən qorusun. Amin!