DİN-dən bloqçu Ömər Məmmədovla bağlı xəbəri təkzib etdi

din-den-bloqcu-omer-memmedovla-bagli-xeberi-tekzib-etdi
Oxunma sayı: 1148


“Qafqazinfo” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Media forum” saytına bloqçu Ömər Məmmədov barədə açıqlamasında deyib: 

- Vəkil Xalid Bağırovun müdafiə etdiyi şəxs haqqında dediyi sözlər – Ömər Məmmədovun Baş Narkotiklərlə Mübarizə İdarəsində döyülməsi, ondan fiziki təzyiq altında ifadə alınması, yaxınları ilə bağlı hədələnməsi və digər iddialar həqiqətdən tam uzaqdır, ictimai fikri azdırmaq məqsədi daşıyır.

Ümumiyyətlə, son zamanlar ənənə halını alıb: müəyyən şəxslər hər hansı cinayətlə bağlı saxlananda özləri və vəkilləri bu məsələni siyasi fəaliyyət, yaxud sosial şəbəkədəki fəaliyyətlə bağlamaq istəyirlər. Vəkil Xalid Bağırovun dediyi fikirlərin heç bir əsası yoxdur. Ömər Məmmədov konkret cinayət əməlinə görə saxlanıb.

Tutulduğu andan Ömər Məmmədovun hüquqları qorunub, o, vəkillə təmin olunub. Ona və valideynlərinə təzyiq göstərilməsi iddiaları əsassızdır. Bu iddialar həbs olunan şəxsin gündəmdə saxlanması və ictimai fikri azdırmaq üçün vəkilin məqsədyönlü şəkildə dövriyyəyə buraxdığı yalanlardır və biz onları qəti şəkildə təkzib edirik.