DİN Xaçmazdakı hadisə ilə bağlı açıqlama verdi

din-xacmazdaki-hadise-ile-bagli-aciqlama-verdi
Oxunma sayı: 639

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, bu gün Xaçmaz şəhərində yerləşən "Sahil" mehmanxanasında Bakıdan gələn bir neçə şəxs nəinki rayonun müvafiq icra strukturlarını xəbərdar etmədən, heç otel rəhbərliyinin xəbəri və razılığı olmadan adı çəkilən obyektin bufetində hansısa təlim keçirməyə cəhd ediblər: “Mehmanxananın sahibi onunla razılaşdırılmayan hər hansı tədbirin, yaxud treninqin üstəlik bufetdə keçirilməsinin mümkünsüzlüyünü Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin əməkdaşları olduqlarını iddia edən şəxslərə bildirsə də, sonuncular tədbirlərini keçirməkdə israrlı olublar.

Bu zaman otelin Sahib adlı müdiri polisə müraciət edib. Həmin müraciət əsasında hadisə yerinə Rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşlarının qəti xəbərdarlığından sonra qonaqlar oteli tərk edərək, bu dəfə təlimlərini qonşuluqdakı xarici dillərin öyrədilməsi mərkəzinin yerləşdiyi ofisdə tədbir keçirmək istəyiblər”.

Məlumata görə, sözügedən ofisin sahibi də tədbir öncədən razılaşdırılmadığı üçün bundan imtina edib. Lakin Bakıdan gələnlər mərkəzi tərk etmək istəməyəndə ofisin sahibi də polisə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları ilə baş tutmayan təlimin iştirakçıları arasında mübahisə yaranıb. Onlar polisin qanuni tələblərinə nəinki tabe olmayıb, əksinə Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi Amil Tahirliyə xəsarət yetiriblər. İnsidentin fəal iştirakçılarından olan Cavid Nəbiyev və Günay İsmayılova saxlanılaraq polis şöbəsinə gətirilib: “Belə görünür ki, təlim keçirmək adı ilə gələnlər polisi təxribata çəkmək, məsələ ətrafında yersiz hay-küy qaldırmaqla guya onlar tərəfindən təzyiqlərə məruz qaldıqları barədə yanlış rəy yaratmaq məqsədi güdüblər. Lakin asayiş keşikçiləri səbr və təmkin nümayiş etdiriblər”.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsi olaraq toplanmış materiallar fakta hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndəriləcək.

Qeyd edək ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) qurumun Xaçmazda keçirdiyi tədbirə polis müdaxiləsi olması barədə məlumat yayıb.
SMDT-nın icraçı direktoru Bəşir Süleymanlının APA-ya verdiyi məlumata görə, SMDT Xaçmaz rayonunda bu gündən 2 günlük təlimə başlayıb. Bu gün səhər təlimin keçirildiyi “Sahil” otelində Xaçmaz Rayon Polis İdarəsinin əməkdaşları müdaxilə edib. Nəticədə SMDT üzvlərinin kompüterləri və sənədləri götürülüb, təlimçilər Cavid Nəbiyev və Günay İsmayılova polis şöbəsinə aparılıb.

Xaçmaz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün səhər “ Araz” otelinə həmin otelin sahibinin müraciəti əsasında gediblər. Müraciətdə SMDT üzvlərinin həmin oteldə otel sahibinin icazəsi olmadan tədbir keçirdikləri bildirilib. Polis müdaxiləsi nəticəsində müqavimət göstərən tədbir iştirakçıları şöbəyə gətiriliblər.