Dindarlardan birinin cinayət işi yüngülləşdirildi

dindarlardan-birinin-cinayet-isi-yungullesdirildi
Oxunma sayı: 741

Vəkil Nemət Kərimlinin “Media forum” saytına verdiyi məlumata görə, Asəf Əliyevlə bağlı verdiyi vəsatət təmin olunub və iş Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 221.2-yə dəyişdirilib: “Bu, hüquqlarını müdafiə etdiyim şəxsin işinin qismən yüngülləşdirilməsi deməkdir”.

Vəkil qeyd edib ki, İlham Ələkbərovla da bağlı eyni vəsatət qaldırıb, amma o, təmin olunmayıb.

Dindarlar fevral ayında həbs olunub, onlar haqqında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) cinayət işi qaldırılıb. İlham Ələkbərovun heç bir dini təhsili yoxdur, dindar ailədəndir. Azərbaycan İslam Partiyası Gəncə rayon komitəsinin sədri Yusif Ələkbərovun qardaşıdır. Yusif Ələkbərov xeyli müddətdir axtarışdadır, onun barəsində cinayət işi açılıb.

Asəf Əliyev isə İranın Qum şəhərində ruhanı təhsili alıb.

Cinayət məcəlləsindən çıxarış:

Maddə 221. Xuliqanlıq

221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər -

yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

221.2. Eyni əməllər:

221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə;

221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—

iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

221.3. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə -

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.