“Dini ekstremizm və islamofobiya müşahidə edilir”

dini-ekstremizm-ve-islamofobiya-musahide-edilir
Oxunma sayı: 669

Məktubda deyilir: "Azərbaycan İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla dünyəvi və çox konvenssiyalı dövlətdir. Sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizdə tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan mehriban dostluq və əməkdaşlıq münasibətləri mövcud olub, yüksək tolerantlıq ənənələri formalaşmışdır. Cəmiyyətimizdə belə mütərəqqi münasibətlərin bərqərar olmasında İslam dininin müstəsna rolu danılmazdır. Azərbaycanda milli mədəniyyətin və mentalitetin ayrılmaz hissəsi olan İslam dini öz ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə, əmin-amanlığa, hümanizmə və həmrəyliyə dəvət etmişdir. Bu gün ölkəmizdə tarixi-mənəvi irsin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biridir. Dövlət-din münasibətləri zəngin milli ənənələrimizə söykənir və müasir hüququ normalarla tənzimlənir. Biz bu təcrübəni ölkədə gerçəkləşdirilən dini siyasətin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin zəruri amili kimi qiymətləndirik. Hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır. Etnik, dini zəmində münaqişələr, irqi ayrıseçkilik, dini ekstremizm və islamofobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizlik və insanların əmin-amanlığını təhdid edən belə hallara qarşı mübarizədə aparıcı dünya dinlərinin sülh və həmrəylik çağırışlarına, sivilizasiyalarası dialoqa və əməkdaşlığa, dini mənəvi liderlərin nüfuzlu sözünə ciddi ehtiyac var. Dinin cəmiyyət həyatında, xüsusəndə gənclərin mənəvi əxlaqi tərbiyyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi və təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir. Bütün bunlar müasir mərhələdə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, demokratik dünya birliyi ilə əməkdaşlıq münasibətlərinin prioritet xəttini təşkil edir. Ölkəmiz bu sahədə nüfuzlu beynəlxalq və regional təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında uğurla fəaliyyət göstərir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, son illərdə MDB Dinlərarası Şurasının, MDB müsəlmanların Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının toplantılarının, xüsusən dünya dini liderlərinin sammitlərinin Bakıda keçiriılməsi Azərbaycandakı dini sabitliyi, tolerantlıq mühitini, əqidə və ifadə azadlığını bütün dünyaya bir daha bariz şəkildə nümayiş etdirmişdi. Azərbaycan dövləti dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcək. Mən əminəm ki, zəruri və aktual bir mövzuya həsr olunmuş bugünki beynəlxalq konfrans konstruktiv müzakirələr ruhunda keçəcək, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına, tolerantlıq, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təbliğinə və təşviqinə öz töhfəsini verəcək. Bu xeyirxah yolda hər birinizə uğurlar və can sağlığı arzulayıram".