Dini icmanın qeydiyyatı ləğv edildi

dini-icmanin-qeydiyyati-legv-edildi
Oxunma sayı: 838


 “Qafqazinfo”ya daxil olan məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, yenidən dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddətdə lazım olan sənədlərini Dövlət Komitəsinə təqdim etməməsini, eləcə də mövcud vəziyyətini və fəaliyyət imkanlarını əsas tutaraq, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının ləğv edilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia ərizəsi təmin edərək “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının ləğv edilməsinə dair qətnamə qəbul edib.

Sonradan dini icma apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarı qüvvədə saxlayıb. Lakin dini icma bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti verib.

13 noyabr 2014-cü ildə kassasiya şikayətinə baxan Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası icmanın ləğvi ilə bağlı qətnaməni qüvvədə saxlayıb. Nəticədə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” adına məscidin dindarlarının dini icmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilib.