Dini komitənin yeni saytı və loqosu olacaq

dini-komitenin-yeni-sayti-ve-loqosu-olacaq
Oxunma sayı: 642

Dövlət komitəsinin mətbuat katibi Orxan Əli qurumun loqotipini müəyyənləşdirmək üçün müsabiqəyə başladıqlarını deyib. Müsabiqənin təşkili Müasir İnkişaf İctimai Birliyinə həvalə olunub.

İctimai birliyin sədri Mübariz Göyüşov bildirib ki, müsabiqə haqda bütün məlumatlar birliyin saytında yerləşdirilib: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin loqosu Azərbaycanda müxtəlif dinlərin mövcudluğunu, onların təmsilçilərinin dinc, birgə yaşayışını, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin tolerantlıq modelini tərənnüm etməli, dünyada nümunə ola biləcək şəkildə tanıtmalı və təbliğ etməlidir. Bununla yanaşı, loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi məqamlar da əksini tapmalıdır. Müsabiqədə yaşı 35-ə qədər olan yaradıcı və fəal gənclər iştirak edə bilərlər”.

Mübariz Göyüşov qeyd edib ki, loqonun eskizi A4 formatlı kağızda və CD diski şəkilində təqdim edilməlidir: “Müsabiqənin qalibi pul mükafatı (500 manat) və dövlət komitəsinin diplomu ilə mükafatlandırılacaq. Müsabiqə oktyabrın 5-dək davam edəcək”.

Orxan Əli bildirib ki, dini icmaların, jurnalistlərin, ictimaiyyətin ehtiyac duyduğu məlumatları daha asan və dəqiq tapa bilməsi üçün dövlət komitəsi saytını təzələməyi, yeni sayt hazırlamağı qərara alıb. O qeyd edib ki, dini icmalar, ictimaiyyət nümayəndələri və jurnalistlər yeni saytla bağlı fikir və təkliflərini irəli sürə bilərlər: “Saytda ölkənin müxtəlif yerlərində mövcud olan dini icmaların ünvanları, onları tapmaq üçün elektron xəritələr veriləcək, icmalar, dini ibadət yerləri haqda ətraflı məlumatlar təqdim olunacaq. Həmçinin vətəndaşların komitəyə birbaşa müraciət etməsinə şərait yaradılacaq. Vətəndaşlar komitənin sədri ilə də birbaşa əlaqə saxlaya biləcəklər. Saytın təqdimat mərasimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun iştirakı ilə oktyabrda keçiriləcək”.

Dövlət komitəsinin artıq “Facebook” və “Twitter” səhifələri yaradılıb./mediaforum/