Diqqət! Müdafiə Nazirliyinin çağırışı

diqqet-mudafie-nazirliyinin-cagirisi
Oxunma sayı: 3972

Asəf Quliyev

Qəribədir, Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik həmişə “Qarabağ”ın çox mühüm oyunları ilə üst-üstə düşür. Yəqin hamının xəbəri var ki, “Qarabağ” mühüm oyun ərəfəsindədir. Dağlıq Qarabağ ətrafında gərginliyin artmasından da xəbərdarsız. Amma nə baş verdiyini anlamaq bir o qədər də asan deyil.

-“Qarabağ” və Qarabağ mövzularını birləşdirməkdə məqsədim doğma komandaya psixoloji təsir etmək deyil. Sadəcə bunu bir fakt kimi yada saldım.

“Qarabağ”ımıza uğur arzulayıb keçək Qarabağ ətrafında yaranmış situasiyaya.

Son günlər Rusiyanın 5 rayonu qaytaracağı (bəli məhz Rusiyanın), öz qoşunlarını Qarabağa yeridəcəyinə kimi çoxsaylı mülahizələr ortaya atılır. Və deyilənlərin heç birinin də real əsası yoxdur. Quru mülahizələr ciddi-ciddi müzakirə olunur.

Cəbhə xəttində də vəziyyət kifayət qədər gərgindir. İtkilərimiz var. Əlbəttə qarşı tərəfin də itkiləri var. Amma bu, övladını itirmiş ata, ana üçün təskinlik deyil. Övladını itirmiş valideyn üçün ancaq bir təsəlli ola bilər – Qarabağda Azərbaycan bayrağının dalğalanması.

Sözsüz ki, baş verən son olaylarda erməni tərəfinin ağır durumu “adi gözlə”də sezilir. Məhz bunun nəticəsidir ki, Ermənistan prezidentindən tutmuş adi erməni jurnalistinə qədər hamısı ağlına yox, ağzına gələni danışır.

Amma erməni təbliğat maşını da dinc durmayıb, işləyir. Və çox xoşagəlməz haldır ki, Azərbaycanda da bəzi informasiya vasitələri ermənilərin informasiya tələlərinə düşür.

Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi çağırış edib. Sözügedən çağırışdan bir hissəni diqqətinizə çatdırıram: “Bildiririk ki, bu kimi xəbərlər erməni tərəfinin xüsusi təbliğatının bir hissəsidir və bəzi yerli elekton kütləvi informasiya vasitələri də bu fəaliyyətlərdə iştiraka qoşulurlar”.

Müdafiə Nazirliyi bu vaxta qədər də analoji müraciətlər edib. Hətta bu məsələyə dövlət səviyyəsində də reaksiyalar verilib. Amma yenə də ciddi səhvlərə yol verilir.

Bəs niyə belə səhvlərə yol veririk?

Əlbəttə kimsə bunu Azərbaycan KİV-lərində çalışan bəzi jurnalistlərin günahı kimi yoza bilər. Amma məsələnin başqa bir tərəfi də var – Azərbaycanda informasiya vakuumu mövcuddur.

Mən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin çağırışını 100 faiz dəstəkləyirəm. Amma onu da xatırladıram ki, nə qədər Azərbaycanda informasiya vakuumu olacaq deməli belə səhvlər yenə təkrarlanacaq.

Bu vakuumu necə qapamaq lazım olduğunu, və kiminlə qapamaq lazım olduğunu isə əminəm ki, Müdafiə Nazirliyində bilirlər.

Sonda bir məsələni də yada salım. Dağlıq Qarabağ problemi ilə bağlı informasiyalardan danışanda Müdafiə Nazirliyi ilə yanaşı Xarici İşlər Nazirliyinin də müəyyən rolunu yada salmaq lazımdır.

Elə son proseslər start götürən zaman, xarici işlər nazirlərinin görüşündən tutmuş müxtəlif diplomatik xəbərlərə qədər bir sıra xəbərlər, Azərbaycan mediasına Ermənistan KİV-lərindən sızdı.