“Dirçəliş” İtaliyada sərgi hazırlayır

dircelis-italiyada-sergi-hazirlayir
Oxunma sayı: 695

“Qafqazinfo”nun məlumatına görə, Mərkəzin növbəti layihələrindən biri Azərbaycan gənc rəssamlarının 29 may – 5 iyun 2012-ci il tarixində dünyanın ən qədim, ən zəngin mədəniyyət və sivilizasiya ocaqlarından biri olan İtaliyada, onun paytaxtı Romada sərgisini keçirməkdir.

Sərgiyə Azərbaycanın İtaliyadakı, İtaliya Respublikasının Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət İncəsənət Muzeyi və AZAL Qapalı Səhmdar Cəmiyyəti hərtərəfli dəstək verir.

Sərginin rəsmi açılışı 30 may 2012-ci ildə saat 18.00-da “20artspace” Galereyasında olacaq. Sərginin keçirilməsində məqsəd Azərbaycan gənc rəssamların Avropa turnesini davam etdirmək, Avropalılara Azərbaycan mədəniyyətinin hüdüdsuzlugunu, zənginliyini nümayiş etdirmək və Azərbaycan xalqının nə qədər istedadlı bir xalq olduğunu bir daha tanıtmaqdır.

Sərgidə iştirak etmək üçün Azərbaycandan 24 nəfərdən ibarət nümayəndə heyəti 29 may – 5 iyun 2012-ci ildə İtaliyada səfərdə olacaqlar.

Səfər müddətində nümayəndə heyəti Romanın görməli yerlərini ziyarət edəcək, tarixi abidələri ilə yaxından tanış olacaq və bir günlük Neapol şəhərinə gedəcəklər.

Sərgidə nümayiş etdirilmək üçün 16 rəssamın 90 işi seçilib. Onlardan xüsusilə Emiliya Axundovanın “Balıq”, Tamilla Quliyevanın “Köhnə şəhər”, Davud Cəfərlinin “Dəyirman”, Səfurə Cəfərovanın “Köhnə Bakı”, Nərmin Rəhimovanın “Dəniz fantaziyası”, Leyla Səfərovanın “Çiçəklər”, Qumra Əhmədovanın “Meyvələrin danişiği”, Heydər Əlibəylinin “Azərbaycan qədim diyar” və digərlərinin işlərini qeyd etmək olar.

Sərgilənən əsərlər rəngkarlıq və qrafikanın müxtəlif istiqamətlərini əhatə edir. Lakin bütün bu əsərləri novatorluq, vətənə olan sevgi, həyata yeni baxış kimi cəhətlər birləşdirir.

Sərginin təşkilatçısı kimi biz ümid edirik ki, sərgi İtaliya sənətsevərlərinin, rəssam həmkarların diqqətini cəlb edəcək.