“Yad dildə“ romanında gizlədilmiş Azərbaycan- Tənqid

yad-dilde-romaninda-gizledilmis-azerbaycan-tenqid
Oxunma sayı: 1759

Tənqidçilərdən birinin fikrincə “Yad dildə” bolşevik romanlarını –“Şamo”, ”Dünya qopur”, ”Dirilən adam”, ”Gələcək gün”ü xatırladır. Romana tənqidi yanaşan digər müəlliflər də tez-tez bu fikrə istinad edib bu hökmü möhkəmləndirir. Düşünün: qalib gəlmiş sovet rejiminin idioloji şöbəsinin ədəbiyyat əməkdaşlarının keçmiş inqilabçılar, keçmiş tarix haqqında yazdığı romanlar və günümüzün, içində olduğumuz tarixin gizlədilmiş, ört-basdır edilmiş reallıqlarını bütün eybəcərlikləri ilə ortaya qoyan roman?! Külli-ixtiyar sahibi hökumətin kreslosunda oturub ona saxta tarix, saxta qəhrəmanlıq salnaməsi yazan biri ilə (məsələn, M.İbrahimov) Pərviz Cəbrayılın nə əlaqəsi?..

Ancaq, mən, əksinə “Yad dildə”ni oxuduqca S.Əhmədlinin “Dünyanın arşını”, ”Toğana”, ”Qanköçürmə stansiyası”, ”Yamacda nişanə”, ”Kütlə”, ”Axirət sevdası”, ”Ömür urası” və s. kimi bir Azərbaycan insanının öz cəmiyyətinə, hakimiyyətinə, taleyinə və tarixinə əlini vicdanının və imanının üstünə qoyub dediyi sözünü - əsərlərini, ”Yad dildə”nin haqqında yazılan ittiham dolu tənqidləri oxuduqca isə, Sovet dövründə elə hey Sovet tənqidçilərinin hücumlarına məruz qalan, “Dünyanın arşını” əsərinə görə Mərkəzi Komitədə tənqidçi Cəlal Məmmədov tərəfindən “Sovet ədəbiyyatına yaraşmayan qorxulu yazıçı” elan edilən, ”obrazları Sovet adamına oxşamır, onlar Sovet adamı kimi düşünmür”- ittihamları ilə məruzələrdə, ədəbiyyat hesabatlarında “qaralanan” S.Əhmədlinin tənqidçilərini xatırladım və düşündüm: yox, Pərviz Cəbrayıl Sovet yazıçılarına oxşamır, əksinə, səlahiyyətindən və nüfuzundan istifadə edib onu “krest”ləyən tənqidçilər daha çox Sovet tənqidçilərinə oxşayırmış...
x x x
Çoxşaxəli, çoxplanlı süjet xətti, rəngarəng, tipikləşdirilmiş obrazlar qalereyası, bugünkü Azərbaycanı və onun insanlarının real, həyati, nəfəs alacaq qədər canlı cizgilərinin təsviri ilə yadda qalan “Yad dildə” romanı ilk növbədə bu gün əsil roman janrı xüsusiyyətlərinin tələblərinə cavab verən mükəmməl işlənməsi ilə qarşımızdadır: səbrli, zəngin, epik pafoslu, cilalanmış, oxucusunu elə ilk cümləsindəncə öz ahəhginə kökləyən təhkiyə, sujet xəttinin başlanğıcında boy atıb inkişaf edən müxtəlif hadisələrin təbii axara salınaraq sona qədər intensiv hərəkət sürətini idarə etmək bacarığı, hadisələrin, xarakterlərin, dialoq və monoloji nitqlərin səhvə yol verilmədən, professional nasir qələminin dili ilə təqdimi, oxucusuna onun özü, cəmiyyəti, ölkəsi və hətta unutduğu Allahı haqqında vacib, zəruri, çox yerinə düşən xatırlatmaları, ölmüş və öldürülmüş yaddaşların, insanlığın xilası yolunda mücadilə hərəkatına çağırışları özündə əks etdirən ideya aktuallığı, bədii, sosioloji, fəlsəfi və publisistik baxış analitik təhlilindən silsilələnib çıxan məqsədəuyğun, müvafiq ideyalarla yüklənmiş hadisələr, epizodlar roman müəllifinin oxucusu ilə ciddi söhbət niyyətindən xəbər verir və müəllif böyük zəhmət bahasına mətnin qat-qat dibinə düşdükcə bədii-estetik və fəlsəfi düşüncə sahibi olan oxucusuna təqdim etdiyi ideyaların təsir effektini artırmış olur.
”Yad dildə“ klassik roman janrı ənənələri əsasında, yəni nəqletməni obrazlardan birinə tapşırıb, hadisələri onun təxəyyülü ilə quraşdırıb təqdimetmə və s. əsasında yazılsa da, yazar müasir bədii şüurun modern mənimsəmə və qavrama meyllərinin tələblərinə cavab verə bilən intellektual idrak, düşüncə hadisələri yarada bilib. Lakin obrazların özünəməxsus, xarakterik ideyaları, fikir, mübarizə spesifikası fərqləndirilməyib. Sanki bütün narazılar eyni cür düşünür, eyni cür etiraz edir və eyni taleyi yaşayır. Elə bil, qarşılarında dağ kimi duran daşlaşmış, dərinlərə kök atmış hakimiyyət heykəlini hamı eyni yerindən qopartmaq istəyir. Nəticədə etirazın, mübarizənin kütlə qışqırığı səviyyəsində olan primitiv və barbar obrazı yaradılır. Meydan, küçə etirazları bugünkü Azərbaycan dramatizmi ilə mübarizənin bir ştrixi ola bilər, mübarizənin özü yox. Hakimiyyətə kütlə hücumu, devrimçilik uğursuz yoldur, ilk növbədə zəncirlənmiş düşüncələri azad etmək və bu azad düşüncə ilə yol axtarmaq lazımdır...
Allahını unutmuş, özlərini ”hakimiyyət allahları”elan etmiş gücə qarşı ASİ adlı müqavimət, əslində, dinimizdə deyilən “zülmə susan, boyun əyən zalımın günahına şərikdir”- fikrini aşılayır. Lakin romanda təsvir olunan qapalı, qıfıllı, labirintvari məkan və elə hey təkrarlanan zaman qılafında hər şeyə, hətta özünə inamını itirmiş bədbəxt bəndələrin səsi heç yerə çatmır. Böhrana, tənəzzülə, təcavüzə məruz qalmış, dünyayla sanki canlı əlaqəsi kəsilmiş, mexaniki, şərti refleks yaşamı məcburiyyəti ilə üzləşən bu insanların başından ölü doğulan, xəyanət, riyakarlıq və saxtakarlıqlarla yönləndirilən mübarizələri sonda morqda üst-üstə yığılmış meyitlərin mənzərəsi ilə başa çatır.
Romanda təsvir olunan əqli, ruhi, idraki fəaliyyətini sanki dondurmuş cəmiyyət və perspektivsiz qəhrəmanlıqlar, imansız dindarlar, qaragüruh təzyiqində əzilib ayaq altda qalan ləyaqətlər, fövqəlinsan məqamından endirilib kütlə kütlüyündə keyləşən “mən”lər və s. mənzərə və təsvirlər sübut edir ki, bu məkanda və cəmiyyətdə insan o qədər acizləşdirilib və kütləşdirilib ki, öz-özünü belə yaşada bilmir. Bir anlığa da olsa, özümüzü əsərdəki qəhrəmanlardan birinin yerinə qoysaq, qorxunc vəziyyətə düşərik. Məsələn, canavarlar meşəsində qalmış dovşanın halını yaşayarıq. Onu da unutmayaq ki, günümüzün real mənzərəsi romanın fabulası ilə birləşdirilib...
Allahın alçaldılmış, təhqir olunmuş, əzilmiş bəndələri sanki öz varlığından utanır, sıxılır, özünü günahkar sayır. Düşünürsən: Allah yaratdığı bəndəsinin bu günə salınması ilə razılaşarmı? Günahsız, haqq, ədalət, əxlaq yolunu tutan insanlar axtalanır, şərlənir, zorlanır, təpiklənir. Məmləkətin yazılmamış qanunları sübut edir ki, bu yolun yolçularının ürəkləri morqda itlərə yem olmaq üçün ləyənlərə tullanacaq, oxuduqları universitetlərdən qovulacaq, arvadları əllərindən alınacaq, işdən çıxarılıb ac-susuz qalacaq və s.
Deməli, Allah bizi yox, biz Allahı unutmuşuq, o bizi görür, biz onu görmürük. Axirətdə cəhənnəmliklərin çəkəcəkləri zülmü bu dünyada Allahın sadiq bəndələrinin başına gətirənlər, Allaha asi çıxanlar nə başlarının üstündəki Allahın qəzəbindən, nə də dabanlarının altındakı bəndələrin naləsindən qorxurlar. “Hakimiyyət Allaha məxsusdur” sözlərindən narahat olan , “hakimi-mütləq” tituluna sahiblənmək istəyənlər sanki Allaha gücünü göstərmək üçün onun bəndələrini əzdikcə əzir, “Vaqif “ dramında Qacarın “Əgər bacarırsa, qoy sağ saxlasın“ - hökmünü sınaqdan keçirir.
“Üstün olanlar (varlılar) tabeçiliyində olanları (qulları, kənizləri) öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar (və ya onlar hamısı ruziyə şərik olduqları halda, varlılar tabe olanlarla bərabər bölməyi, onları mallarına şərik etməyi özlərinə rəva bilmədikləri halda hər şeyin xaliqi olan Allaha cansız bütləri və digər tanrıları şərik qoşmağı necə rəva görürlər?). İndi onlar Allahın nemətlərini inkarmı edirlər? (Ən –Nəhl surəsi, 71-ci ayə)”.
“Qurani –Kərim”də Allah dönə-dönə bəndələrini bir-birinə tapşırır, əmanət edir və zalımlar haqqında deyir: ”Biz onu zalimlər (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla, dərd etdik. (Əs-Səffat surəsi, 63-cü ayə) O, elə bir ağacdır ki, cəhənnəmin lap dibindən (cəhənnəmin odunun içindən çıxır. (Əs-Səffat surəsi, 64-cü ayə). Onun meyvəsi şeytanın başı kimidir (olduqca çirkin və əcaibdir) (Əs-səffat surəsi, 65-ci ayə) Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. (Əs-Səffat surəsi, 66-cı ayə). Sonra onlar üçün (içməyə) qaynar su ilə qatılmış irin vardır. (Əs-Səffaf surəsi, 67-ci ayə).
Susuz yaşamaq məcburiyyətinə öyrəşdirilən insanların haqqını o dünyada ödəməli insanlar özlərini qalibmi sanırlar? Nitşenin ”Allahı siz öldürdünüz, siz!” nidası əsər boyu qulaqlarımızdan getmir. Romandakı hadisələrin gedişatında da görürük ki, insanı sufi-ilahi eşq yolçuluğuna çıxıb Allaha doğru yürüməyə qoymurlar. Əksinə insanlar içlərindəki Allahı özlərinə tərəf aşağı çəkirlər. ”Allah insanacan yendiyində, Allahacan ucalmağı tələb elədiyimiz yazıq insan bir hüceyrəli həşəratacan düşməkdən saxlana bilib insanca qalırsa, demək, o insan elə Allahacan yüksəlib”.
Romandakı insanların psixoloji sarsıntılarını, ruhi üzüntülərini varlığında hiss edən oxucu anlayır ki, o özü də asanlıqla görünməyən bir məmləkətin sakiniymiş. Fransız romançısı və publisisti Romen Rollan on il üzərində işlədiyi “Jan Kristof”romanının “Meydan yarmarkası” bölümündə səslənən “Fransa elə bizik...” fikrinə inanmır, ”bərk-bərk gizlədilmiş tamam başqa bir Fransanın mövcudluğundan“ şübhələnir. Biz də “Yad dildə“ romanında gizlədilmiş bir Azərbaycan gördük və R.Rövşənin “Səni sevmək çətindir, vətən, nə gündəsən? Üstündə neft ləkəsi, kim yuyacaq ləkəni, Milyonçular ölkəsi, dilənçilər vətəni”-misralarının diktəsi anlatdı ki, daha bu vətənə tərənnümlü şeirlər, inşalar yazmaq çətinləşib...
Əsərin maraqlı və ustalıqla qurulmuş kompozisiyası var. Hərəkatlar, tədbirlər, məhərrəmlik təziyəsi, xaotik, dumanlı görüntülər arxasında paralel, oxşar, bəzən bir nöqtədə kəsişən, bəzən də anticəbhələr yaradan situasiyalar, sosial iyerarxiyanın müxtəlif təbəqələrinin bu proseslərdə mövqeyi, problemlərə yanaşma tərzi müəllif məqsədinin konkret və aydın ifadəsi şəklində əks olunur. Sibir, vətən müqayisəsi, hamının düşüncəsində qəriblik, qürbət, sürgün assosiasiyası əks-sədasını verən Sibir mənzərələri və orada yaşayan soydaşlarımızın güzəranı, həyatı canlı şahid dilindən söylənilmiş qədər təbiidir. Başdan-başa işarələrlə, özü də açıldıqca məna verə bilən işarələrlə dolu olan əsərdə bəzən Sibirin vətənə, vətənin də Sibirə çevrilməsi təsviri çaşqınlıq yaratmır, əksinə məzmundan doğan effektlərdən biri kimi görünür.
Müəllif Allaha asi çıxanlara qarşı yaradılmış ASİ-lərin hərəkatını, mübarizəsini elə zamanın özündə olduğu kimi ideyasız, məqsədsiz, sadəcə devrimçilik, dağıtmaq, guya əsas yıxmaqdır, sonra üfüqdə parıltı görünəcək tendensiyası ilə təqdim edir. Halbuki, tarixin özü də Azərbaycan xalqına göstərdi ki, meydana çıxmaq və “istefa” qışqırmaq (əsərdə ”Bu Xunta devrilənədək”) ”qəhrəmanlığı” yıxmaqdır, qaldırmaq yox... Aldadılmış ASİ-lərin aqibətindən çıxan nəticə göstərdi ki, hakimiyyətin də, müxalifətin də pultu eyni gücün əlindədir, eyni yerdən idarə olunur və roman boyu haqq, ədalət axtaran adamların, cəsarətli, mübariz görünən gənclərin aldadılması səhnəsi ideyasız mübarizə finalı ilə sonuclanır. Bütün bunlara baxmayaraq anladılan durumlar düşünmək, vəziyyəti olduğu kimi görmək üçün ipucu verir. Tomas Eliot yazır: ”O mətnin ki, alt qatında hansısa inanc sistemi dayanmır, o uzun müddət yaşaya bilməz”.
Pərviz Cəbrayılın seçdiyi hadisələr, obrazlar yaratdığı bədii mətn bütövlüyündə kənar, yad səslənmir, əksinə hər şey bir damın altında, bir məqsəd və bir ideyaya xidmət edən zəruri detallar kimi toplanır. ”Dədə Qorqud”qəhrəmanları kimi çeşid-çeşid insan xislətlərinin təzahürünü Yalancuq, Qaragünə, Beyrək, Selcan, Qarabudaq və s. obrazlarda ifadə edən müəllif təntənəli, dəbdəbəli səslənən bu adların, Polkovnik- Komondante Çe, ASİ adlı mübarizə təşkilatının pafosu müqabilində balaca bir Kirvə obrazı da yaradıb. Görkəmi, həyat tərzi, işi o qədər də xoş gəlməyən, hətta əsərin sonlarına qədər siçovul kimi vurnuxan bir tip təsiri bağışlayan Kirvənin romantikasını, ruhunu, qəhrəmanlığını və içindəki Allahın böyüklüyünü sonra anlayırıq. Zeynəb Xanlarovanın konsertindən sonra baş alıb Sibirə gedən, “Şirvan şikəstəsi”nin təsiri ilə vətənə qayıdan Kirvə inqilabçı və etirazçı deyil, huamnizmindən tora düşən (şəxsi rahatlığını qardaşına qurban verir), gündəlik dolanışıq mücadiləsi ilə yaşayan bir insandır. Ancaq sonda bir Kirvə zirvəsi yaranır. Bu zirvədə Allah görünür. Kərbala düzünə bənzəyən qanlı meydandan uşaqları qorxu–hürkü bilmədən çıxaran Kirvə əlimyandıda axtarılan Yezidin tapılmasının da şahidi olur: ”Deyəsən, ”Yezid”i lap indilərdə tapmışdılar - Kirvəyə tanış gələn həmən turist–fotoqraf... onu Yezid adına söyür, döyür, lənətləyirdilər - o isə elə məzlum-məzlum, çaş-çaş baxırdı ki, elə bil İmam Hüseyn şəhidi o idi.
Bir tərəfdə zəncir vurur, bir tərəfdə mərsiyə, sinəzənlər deyirdilər... Kənarda durub Şəbihə tamaşa eləyən möminlər turist –Yezidi lənətləyib ondan su diləyən binəvalara nədən su vermədiyini soruşurdular. ”Yezid”sonunda bu töhmətlərdən bezib:
- Vallah mən verərəm,- şəbih çıxaranları göstərib dedi,- bu müsəlmanlar qoymur axı!”
Kirvə hər şeyi görürdü: dəmir dəyənəklər havada oynayır, başlar əzilir, sifətlər qana boyanıb, paltarlar cırılıb, adamlar daş kimi arxası üstə üzü göyə, elə bil, Allaha tərəf düşüb qalırdılar. Kirvə bu mənzərini sanki öz kəndirdən sallanan vücudu ilə tamamlamaq zərurəti gördü və son anda çoxdan axtardığı amma tapmadığı xilaskar polis, ”Yezid”, turist, fotoqraf-Allahı tapdı. ”Fotoaparatın işığı yandı. Kirvə göz qırpımında işıq içinə düşdü”.
Bəli, Kirvənin ruhu fotoqarfın aparatında, cismi isə kəndirin ilgəyində ilişib qaldı. Kirvə insanlığın ölmədiyi məkan kimi yaddaşımıza köçdü. İçindəki insanı diri saxlamaq, xilas etmək üçün bədənini təslim etdi. Qız Qalası, İçərişəhər, qapalı məkan dairəsi qapanır. Meydan səhnəsi açılır gözümüz önündə. Yerdə meyitlər, elə bu meydanda havada sallanan balaca, cəmiyyətdə “heç kim” kimi görünən çirkli paltarlı, köhnə maşınlı kimsəsiz Kirvə. Mənzərə yenə tamamlanmayıb, Qız Qalasına tərəf kimsə deyə-gülə, həvəslə addımlayır. Dəli Tondaz... Tondazın atası məhkəmədə onun dəli olduğunu söyləyib, həkimdən arayış almışdı və axırda da onu “dəli kimi azadlığa buraxmışdılar”. Budur, bu ”Azad dəli” Qaladan özünü atır...
Romanda ən təsirli və həyatın ən çılpaq yeri kimi təsvir olunan səhnə morqla bağlı epizodlardır. Morqa qədər görürük ki, Allahın bəndəsi, dövlətin, ölkənin vətəndaşı olan insanlar təkcə fiziki, ruhi cəhətdən deyil, əqli, zehni cəhətdən də təzyiqlərlə üzləşir, sındırılır, məqsədli şəkildə insanlığın üzərində eksperimentlər aprılır. Bəli, insan yox, insanlıq cəzalandırılır, bəndənin yiyəsi Allah yox, əlidəyənəklilər olur...
Morqda isə artıq Allahın sevə-sevə yaratdığı, biçim verdiyi insanın ruhu, ”mən”i yox, cismi, surəti, vücudu, fiziki şəxsiyyəti yerlə-yeksan edilir: ”Yük maşınının arxası açılmışdı, iki nəfər ölüxana işçisi qana bulaşmış cəsədləri mal cəmdəyi kimi aşağı, arabaya tullayır, toxunuşdan çıxan səsdən itlər diksinir, təkərləri laqqıldayan xərəyə yaxınlaşmağa cürət etmirdilər. Arabaçı meyidlərə əlini vurmaq istəmirdi, kiminin qolu, kiminin ayağı xərəkdən aşağı sallanıb gedirdi, bu vaxt itlər onun yanınca qaçır, bu sallanmış əl-ayaqdakı hələ tam boyatlaşmamış qanı yalamağa çalışırdılar”.
Morqda yetmiş ikinci şəhid “Hüseyn Əlioğlu” kimi qeydiyyatdan keçir (İmam Hüseyn müsibətinə işarə).
Daha sakit və intizamlı görünən morqda insanın son halının real eybəcərliyi ilə üz-üzə dayanırıq: ”İndi burda beynini cingildədən sükut, səssizlik, müqavimətsizlik, lal-dinməzcə uzanıb nə vaxt yarılacağını, ürəyinin, ciyərinin, bütün içalatının vəhşicəsinə çıxarılacağını, başının, əl-ayağının, qabırğalarının ağır polad mişarlarla, kəlbətinlərlə kəsiləcəyini gözləyəcək qədər dözümlülük heç də dışarıdakından fərqlənmir (məsələn, Qaragünə ilə bağlı məhkəmə səhnəsində üzbəüzdəki məhkəmə zalından qopan qışqırtılar, dişi çəkilən, işgəncələrə məruz qalan insanlar və s. – İ.M.). Burda duyulan dəhşətli qorxular da bayırdakılardan fəna deyil. Barı bu qorxuların kimsəyə ziyanı yoxdu. Burda da insanlar yanlış idarəçilikdən çürüyür, ordakılar da”.
İylənmiş, çürümüş ölüm hücrəsində ölüləri yerbəyer eləyən işçilərin üst-başları, əl vurduqları bütün əşyalar - qapı dəstəkləri, buterbrod torbaları, lift qapısı - hər şey qana bulaşıb. Burda maraqlı bir iş otağı var. 40-45 yaşlarında bir həkim və onun yanında yenicə işə düzəlmiş gənc sanitar tələbə. Ölüyaran pataloq-anatom həkim yanındakı oğlanın üzünü tez-tez kənara çevirməsini görüb: ”- Bala, bu mənim işimdi, mən bundan ləzzət alıram. Adi bir işdi də. Elə bil nahar eləyirsən. Üzünü bəri döndər. - Pataloq ölünün göz bəbəklərini çıxarıb barmaqlarının arasında ehmalca sıxa-sıxa oğlana göstərdi.- Bax, görürsən, hələ diridi, yəni bərkdi. Büzüşməyib, təzə üzüm giləsi kimidi. Deməli, az əvvəl ölüb... Həkim ölünün sinəsini açma əməliyyatına başladı: alət qutusundan polad kəlbətini götürüb meyitin körpücük sümüklərini, sonra sağ və sol qabırğalarını kəsdi, kəlbətini qoyub skalpeli götürdü... Əlinin birini yarıqdan içəri saldı, o biri ilə skalpeli hərəkətə gətirdi və cəsədin içindəki əlini çəkib yuxarı qaldırdı:
- Bax,diqqətlə bax! Bu onun ürəyidir. Görürsənmi necə büzüşüb, necə qısılıb, necə yapıxıb. Bapbalaca olub... bilirsənmi, bu kimin ürəyidir? Yox, bilirsənmi? Bil, bil, oğul bala, bil ki, bu inqilabçı ürəyidir. Onun ciyərini də göstərəcəm sənə”...
“Yad dildə” bir Azərbaycan dastanı, Azərbaycan romanıdır. XX əsrin sonu, XXI əsrin əvvəllərinin məmləkət romanı. Bu məmləkətdə hamının vəsiqəsi, qorunma, güzəşt kartları var: dəlilik, qaçqınlıq, şikəstlik, reketlik, qatillik, bədbəxtlik və s. Bir də “satqınlıq vəsiqəsi”varmış. Onu göstərib kodlu qapıları keçmək olarmış...
Bu insanlara Allahı axtarıb tapmaq əmr olunub. Hər yerdə: kənddə, şəhərdə, meydanda... Polislər, qoçular əllərində silah onu axtarırlar... Rəhm, haqq, ədalət mücəssəməsi kimi simvollaşdırılan Fotoqraf – Allah isə onların içinə, ruhuna yol tapa bilmir. Bu həşəratlaşmış güc onu xilaskar, nicat yeri kimi yox, cinayətkar kimi axtarır. Əziz oxucular, Onu ələ verməyin, Onun yerini hamınız bilirsiniz, O, hər birinizin içindədir. Onu satsaq, O, bizim içimizi tərk etsə, elimizdə-obamızda şeytanın bayrağını dalğalandırmış olarıq. Haqsızlıq, riyakarlıq, əxlaqsızlıq, tayfabazlıq, rüşvətxorluq, rəzillik və s. baş alıb gedər. Hər yerdə, hər məqamda, hətta bu əsər haqqında danışanda da Onu satmayın...

İradə Musayeva