Doğum otağından çıxan ölülər

dogum-otagindan-cixan-oluler
Oxunma sayı: 4732

Nərmin Dadaşova

Salyanda doğulandan bir neçə saat sonra dünyasını dəyişən körpələr haqqında yazılan xəbər iki gündür iliklərimə qədər sızıldadır. Bir neçə saat əvvəl dünyaya gətirdiyin körpələrin dünyadan boğulub getməsi, oksigensizlikdən, işıqsızlıqdan, məsuliyyətsizlikdən ölməsi bir ana üçün dəhşətli bir şeydir. Əslində təkcə ana üçün yox, bütün cəmiyyət üçün. Çünki bu körpələr bizim ilk qurbanlarımız deyil. Doğum evinə yola saldığımız əzizlərimizi müharibəyə göndəririkmiş kimi yolçulayırıq evdən çıxanda. Övladı doğum otağından sağ çıxdı deyə qapının ağzında həkimin əllərini öpüb yalvaran analar gördüm mən. Halbuki, bu elə belə də olmalı idi. Ora ölüm otağı yox, doğum otağıdır!

Dünən baş verən bu faciə təbii olaraq, geniş söz-söhbətə səbəb oldu. Həkimləri qınayanlar da oldu, Səhiyyə Nazirliyini günahkar bilənlər də, işıq idarəsinə qarğış tökənlər də. Amma ki, çifayda. Bu sonuncumu olacaq? Olmayacaq! Ona görə yox ki, Azərbaycan həkimi normal doğuş keçirməyi bacarmır, ona görə ki, bizim həkimlərimizin əksəriyyəti xəstə ilə normal rəftar etməyi bacarmır. Qadınlar yaxşı bilir, doğum evlərindəki mamaçaların leksikonundakı o məşhur sözləri. Onlar bizim gənc analara manat kimi baxırlar - iki manat kimi, beş manat kimi, on manat kimi...

Hamı işin məsuliyyətini boynundan atır təbii ki. Nazirlik deyir uşaqlar işıqlar sönməmişdən əvvəl ölüb, işıq idarəsi deyir işıqların sönəcəyi haqda xəbərdarlıq edilibmiş, xəstəxana işçiləri deyir motorun işləmədiyini bilmirlərmiş. Amma başqa bir mütəxəssisin dediyinə görə, ölümün səbəbi oksigensizlik yox, uşaqların vaxtından çox əvvəl doğulması və olduqca zəif olmaları imiş. Lap əgər belədirsə, niyə uşağın ölümündə günahlandırılan həkimlər ilk açıqlamalarında bunu demədilər? Niyə valideynlərin “əsassız” hesab etdikləri ittihamlarının qarşısını əsaslı səbəblərlə kəsə bilmədilər? Çünki hardasa günahkar olduqlarını çox yaxşı bilirlər. Mən də bilirəm. Bu işdə hər şeydən əvvəl onların vicdanları və məsuliyyətsizlikləri günahkardır.

Növbəti ana-uşaq ölümü xəbəri bunu unutduracaq əlbət. Biz isə sadəcə bəddua edəcəyik qurbanların qatillərinə. Əlimizdən başqa nə gəlir ki?

Anaya isə nə verməyə təsəllim, nə də deməyə sözüm var. Çünki onun nə yaşadığını özü qədər mən də anlayıram.

1945-ci ildə Herosimada 12 yaşlı qız ölmüşdü. Nazım yazmışdı onu. Onun ölümünün səbəbi radiasiya idi. Dünən də sənin körpələrin öldü, səbəbi isə onların Salyanda doğulmaqları oldu. Bəlkə də sən də izləmisən ABŞ-da doğulan 20 həftəlik, 500 qramlıq körpənin həyatı üçün həkimlərin necə uğraşdıqlarının videosunu.

Beş ay bundan əvvəl mənim də canımdan bir parçam havasızlıqdan, əlacsızlıqdan dünyasını dəyişdi.

Onu unuda bilmirəm. Əminəm, bircə dəfə üzünü gördüyün körpələrini sən də heç vaxt unutmayacaqsan.

Keçənlərdə uşaqların əyinlərinə balacalaşan paltarlarının içindən Qorqudun köynəyini tapdım və qeyri-ixtiyari burnuma dirəyib iyini içimə çəkdim. Darıxmaq qədər əclaf hiss tanımıram. Burnumun ucu doğrudan da göynəyirdi...