Doktor dedi ki, yalnız...

doktor-dedi-ki-yalniz-
Oxunma sayı: 663

Üzərində əlaqə nömrələri də yazılan bu kimi kartlar çoxumuza uzadılıb. Və məni xeyli də düşündürüb. Görəsən bu nə işdir belə? Amma heç vaxt zəng edib maraqlanmamışam, nəsə təhlükəli görünüb gözümə.

Bu dəfə də hədəfim Hippokrat andına “sadiq” həkimlərimizdir.

“Mütləq bu adını yazdığım dərmanları al, başqası yararsızdır.” Həkimin təkidi ilə adı yazılmış dərmanı tapmaq üçün yalan olmasın Nizami metrosundan 20 Yanvar metrosuna kimi 10-11 aptek gəzdim. Dərman sanki qeybə çəkilmişdi. “Bu da mənim bəxtimdəndir” deyib deyinə-deyinə son bir aptekə girirəm. Satıcı dərmanın adına baxıb, eyni tərkibli başqa dərmanı təklif edir. “İnanın heç bir fərqi yoxdur, eyni təsirlidir, sadəcə firmaları ayrıdır.” Mən də güya çoxbilmişcəsinə “yox, mənə həkim yazan lazımdır, “patent”in istəmirəm.” deyib çıxıram.

Dörd ay sonra bir tanışımla qarşılaşıb hal-əhval tuturam.
- Neynirsən, nə var nə yox? İş-güc?
- Hər şey yaxşıdır. Təzə işə girmişəm, çox məmnunam işimdən. İş saatı və aylıq gəliri məni qane edir.
- Hə, lap yaxşı. Hansı sahədə, nə işdir?
- Dərman firmasında.
- Sənin tibbi təhsilin yoxdur axı. Başqa sahədə təhsilsiz olmaq olar, amma sağlamlıq baxımından...
- Yox elə deyil. Düzgün anlamadın. Deməli biz dərmanları istehsal edən firmanın reklam agenti kimi fəaliyyət göstəririk. Deyək ki, Amerika və Rusiyanın hansısa bir dərmanının orjinalı Bakıya gəlir. Eyni kimyəvi maddələrdən də öz ölkəmizə gətirtdirib, öz firmalarımızda başqa adla istehsal edirik. Daha sonra xəstəxanalara gedib bu dərmanın hansı xəstəliklər üçün yararlı olmasını, hansı orqana nə kimi
əks təsiri olduğunu danışıb izah etdikdən sonra, həkimlərlə kontrakt bağlayırıq. Onlar xəstələrə məhz bu dərmanları almalarını yazırlar, biz də o dərmanın reklamından həkimin və ya xəstəxananın büdcəsinə reklamın gətirdiyi gəlirin 3-5 faizini ayırırıq.
- Həəə belə de. Bəs nə bilirsiniz ki, həkim o dərmanı yazacaq ya yox ?
- Bəs bu qədər işçimiz var. Nəzarətçi işçilər xəstəxanalara yollanılır və həkimlərin retseptlərə dərmanları yazıb yazmadığına nəzarət edir. Əgər nəzarətçi xəstəxanaya gedib qol çəkməsə, bu zamanı güya xəstəxanada olubmuş kimi rəhbərliyi aldatsa işdən çıxarılır. İşə girmək çox asantdır, istəyirsən səni də düzəldim. Ünsiyyət qabiliyyətin yüksəkdir və ciddi siman var. Heç nə lazım deyil, bir şəxsiyyət vəsiqəsi vəssəlam.
- Təşəkkür edirəm. Mənim nəzarət tələb olunmayan bir işim var. Ha bir də mənim bir qohumum vardı. Həkimlərdə qalmışdı. Sağalmırdı ki, sağalmırdı. Həkimlərin dərdinə əncam tapadığını görəndə hətta mollaya da aparmışdılar ki, bu dua-caduluqdu yəqin. Axı neyləsinlər, elmdən çarə tapmayanda ya türkəçarə, ya da cahilliyə meyl, təvəkkül aparırlar. Sonra bir yəhudi həkim tapdılar. Allah kömək olmuş bir retsept yazdı və dərmanlarının Rusiyadan gətirilməsini xüsusi bildirdi. Ordakı qohumlardan birinə resepti göndərdib dərmanları gətirtdilər və həmin adam odu budu o xəstəlikdən xilas oldu.
-..............