Dollarla kreditiniz varmı?

dollarla-kreditiniz-varmi
Oxunma sayı: 4970

Xuraman Hüseynzadə

Hamı qonşudan geri qalmayıb bayram süfrəsi düzəltdi. Olandan, olmazdan düzdük masaya. Dedik, qəfil qapını açıb içəri girən olar, bayramlaşmağa gələrlər; təzə ilə yoxluqla, kasıblıqla qədəm qoymayaq... Bayramlar zorla bazara göndərir bizi, son qəpiyimizi xərcləməyə vadar eləyir. Cibimiz boşaldıqca ürəyimiz dolur. Dərdimizi danışmağa həmdərd axtarırıq.

Bu il bayramlaşmaq istəyənlərin bir-birinə ilk sualı belə oldu: “Dollarla kreditiniz varmı?”

***

İnsanların maddi və mənəvi durumunu bazarlar, mağazalar aydın göstərir.

Satıcılar mallarını satmaq istəyir, alıcılar tərəddüd edir: “bunu alsam, o birinə pul çatacaqmı?”

Bayram günləri mağazalarda etdiyim müşahidələr ürəkağrıdan oldu. Bir mağazada qadın çəkmə almaq istəyirdi. Ayağına böyük idi. Satıcıdan çəkmənin bir ölçü kiçiyi olub-olmadığını soruşdu. Satıcı malı “sırımağa” cəhd elədi: “Ayağınıza böyükdürsə, qalın corabla geyin.”

Başqa bir mağazada satıcı alıcıdan nə almaq istədiyini soruşdu. Alıcının üzünü kədər bürüdü: “Almıram ki, almaq istəyirəm.”

İri marketlərdən birində əksər alıcılar aldıqları mallara pulları çatmadığı üçün geri qaytarırdılar. Satıcılar geri qayıdan malları təhvil almaqdan yorulur, alıcılar isə xəcalət çəkirdilər.

Yeni ildən iki gün sonra gül dükanının qarşısında qurulmuş “yolka”nı sökürdü satıcı oğlanlar. Bir qadın ayaq saxlayıb hələ bayramın bitmədiyini dedi və “yolka”nı niyə belə tez sökdüklərini soruşdu. Oğlan oyuncaqları qutuya yığa-yığa dedi: “Adamların üzündəki kədərə baxanda xəcalət çəkirik. Nə bayram?”

Qonşularımız evlərinə kamera quraşdırır, həyətdə it saxlayır, pəncərələrə dəmir barmaqlıqlar vurdururlar. Marketlərdən ərzaqlar alır, un alıb çörək bişirməyi üstün tuturlar. Hamı bahalığın, yoxsulluğun gətirəcəyi bəlalar üçün önləyici tədbirlər görür. Elə bil müharibə illəridi...

Səhərlər eşidəcəyimiz ən qorxulu xəbərlər növbəti bahalaşma, devalvasiya, dollar haqda məlumatlardı...
Bu ovqatla köhnə ili yola salıb, yeni ili qarşıladıq.

Görək, təzə ildə bizi nələr gözləyir?