Dolma başımıza oyun açır

dolma-basimiza-oyun-acir
Oxunma sayı: 3668

Azər Qismət

Nəyi həmin beynəlxalq qurumun siyahısına salıb qurtaraq ki, haqq-ədalət bərpa olunsun? Daha nə qaldı? Tar, saz, lavaş, dolma. Google-da “Ermənistan” yazıb axtarışa versək görərik ki, qonşu dövlət nəyimiz varsa özəlləşdirib. Muğamı da Tiqran Keosayan Larisa Dolinaya dedizdirdi. Onda belə çıxır ki, bütün nəyimiz varsa YUNESKO-nun siyahısına salmalıyıq ki, murdar qonşu oğurlamağa heç nə tapmasın.

İndi söhbət dolmadan gedir. Xanımlarımız dolmanın onlarla növünü düşünüb tapıblar: yarpaq, kələm, pip, badımcan. Ümumilikdə, hamısının adı dolma gedir, növləri başqadır. Məhz iki ölkə arasındakı qırğın yarpaq dolmasının üstündədir. Hansı ki, ermənilər buna çoxdan iddialıdırlar. Xariciləri çağırıb süjet çəkdiriblər, kinofilmlərə saldırıblar, hətta az qalıb ki, arxeoloji qazıntılar vasitəsilə sübut etsinlər ki, dolma onlarındır. İndi sizə o illərin sevimli filmindən bir dialoqu xatırlatmaqla göstərəcəyəm ki, dolmanı beynəlxalq qurumun siyahısına salmağa ehtiyac yoxdur, nahaq yerə əziyyət çəkirik.

-Gedək bizə evə, anam sənə yaxşı dolma bişirsin. Sən dolma sevirsən?

-Yox.

-Ona görə ki, sizdə dolmanı yaxşı bişirməyi bacarmırlar. Bizim Dilicanda isə onu yaxşı bacarırlar.

Yəqin söhbətin “Mimino” filmindən getdiyini anladınız. Müasir nəsli deyə bilmərəm, amma bu film orta nəslin yaxşı yadındadır. Biz ürəyimizin təmizliyindən ədəbiyyatımıza, filmlərimizə həm gürcü, həm erməninin adını salardıq ki, inciklik olmasın, xətirlərinə dəyməsin. Lakin rejissor Georgi Daneliya gürcü Vaxtanq Kikabidze və erməni Frunzik Mkrtçyanı filmində çəkməklə iki ölkənin dostluğunu nümayiş etdirdi, biz bədbəxtlər isə yaddan çıxdıq. Məncə, bunu qəsdən edib. Çünki erməni ilə gürcü həmişə dost olublar. Qısqanclıqdan, ya nədənsə, biz unudulmuşuq. Onların bizi Qafqaz xalqları arasında yad millət kimi görmələri isə başqa söhbətin mövzusudur.

Filmə qayıdaq. Məhz həmin filmin ekranlarda nümayişindən sonra çoxmilyonlu sovet tamaşaçısının beyninə ötürüldü ki, “dolma ermənilərindir”. O da yaddaşlarda qaldı ki, “Dilican erməni torpağıdır”. Üçüncüsü, o da şüurlara yeridildi ki, Mkrtçyanın musiqiçilərə sifariş verib oynadığı “Şalako” erməni rəqsidir. İstər “Şalako”nun Azərbaycanın “Köçəri” xalq rəqsi olması barədə arayış verək, istəyir Youtube-a rəqqaslarımızın rəqsini yerləşdirək, xeyri yoxdur. Bir film hər şeyi həll etdi. Nəinki bir film, hətta "Eurovision-2011" mahnı müsabiqəsinin final yarışmasında "Köçəri" rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Azərbaycan Müəllif Hüquqları Agentliyi "Köçəri" sözünün etimologiyasını açıqlayan arayış hazırlayıb Kütləvi İnformasiya Vasitələrində yaysa da, heç bir xeyri olmadı. Ola bilsin ki, YUNESKO rəhbərliyi dolmanı, “Köçəri”ni maddi-mədəniyyət irs siyahısına daxil etsin. Allah etsin. Amma məsələ ondan ibarətdir ki, sovet xalqlarının beynində bunlar ermənilərinki kimi həkk edilib. Necə ki, 3 il bundan əvvəl Qazaxıstan və Tacikistandan olan həmkarlarıma sübut edə bilmirdim ki, “dolma Azərbaycanındır”. Onlar mənə “Mimino” filmindəki həmin dialoqu misal gətirdilər. İndi qalmışıq çətin vəziyyətdə. Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələrinin hansını o siyahıya salaq? Onda gərək ömrümüz belə işlərə sərf olunsun: Bu dəfə dolma, gələn dəfə “Yallı”, “Vağzalı”, “Uzundərə”, “Mirzəyi” rəqsləri, yaxud Üzeyir Hacıbəyov və Qara Qarayevin əsərləri.

Lap 1868-ci ildə erməni ədəbiyyatşünası S. Palasanyanın Sankt Peterburqda erməni dilində nəşr etdirdiyi "Erməni nəğmələri" adlı kitabını da YUNESKO-ya aparsaq xeyri yoxdur. Müəllif həmin kitabda yazırdı ki, "Biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını özümüzünkü hesab edirik və özümüzünkü kimi təqdim edirik". M.Nalbadyan adlı erməni müəllifinin "Qədim şeir və nəğmələr haqqında" kitabındakı bir cümlə də dünyanın qulağına olmayacaq. Nalbadyan yazırdı ki, “ermənilərin "əksər musiqi və nəğmələri türklərdən (azərbaycanlılardan) götürülüb”.

Demirəm ki, mübarizə aparmayaq. Onu deyirəm ki, ya Hollivud, ya da Bollivudda çəkilən hər hansı filmdə öz milli sərvətimizdən bir element çəkdirək. Xarici jurnalistlərin ölkəmizə gəlib çəkdiklərini tamaşaçılar görə, ya görməyə. Lakin film ömürlük qalır. Necə ki, ermənilər məşhur “Qladiator” filmində balaban çaldırıb, dünyaya çatdırdılar ki, həmin musiqi aləti onlarındır.