Dolub-daşan restoranlar...

dolub-dasan-restoranlar
Oxunma sayı: 3702

Seymur Verdizadə

Yeddi-səkkiz il əvvəlin söhbətidir, o vaxt mən “Reytinq” qəzetində redaktor işləyirdim. Qəzet həftədə bir dəfə çıxdığı üçün deyib-gülməyə, hətta yeyib-içməyə də vaxtımız olurdu. Əlimizə pul düşəndə özümüzü sakit bir kafeyə verib həm çörək yeyir, həm də bir-iki saat dincəlirdik. Dost məclisi yaradıcı adam üçün hava və su kimi vacibdir...

Bürkülü avqust günlərinin birində redaksiyanın qapısı döyüldü. Yerimizdən qalxmağa macal tapmamış AYB sədri Anarın əleyhinə yazmağa başlayandan sonra qısa müddət ərzində məşhurlaşan yazıçı dostumuz başımızın üstünü kəsdirdi. Hal-əhval tutmağa lüzum görmədən mətləbə keçdi: “Bu gün mənim qonağımsınız”.

Belə səxavətli adamlar nadir hallarda ələ düşdüyü üçün dəftər-qələmi masanın siyirməsinə qoyub, ayağa qalxdıq. İş yoldaşlarımızdan biri toya gedəcəyini əsas gətirib, bizdən ayrılandan sonra dörd nəfər taksiyə əyləşdik. Redaksiyamız şəhərin mərkəzində yerləşdiyi üçün cəmi beş-altı dəqiqə sonra Atatürk parkının qarşısında maşından endik. Baş çəkdiyimiz ilk ünvan “Gənclik” metrosunun yaxınlığındakı kiçik kafe oldu. Bizi qapının ağzında qarşılayan tanış administrator utana-utana yer olmadığını bildirdi. Atatürk parkı ilə Ayna Sultanovanın adını daşıyan bağa doğru irəliləməyə başladıq. Ard-arda bir neçə kafe və restorana baş çəksək də, boş masa tapa bilmədik. Hazırda Aznews.az saytında çalışan jurnalist həmkarımız Bahar Rüstəmlinin kabinetdə oturmağımızı israrla tələb etməsi işimizi bir az da çətinləşdirirdi. Buna görə də Ayna Sultanovanın adını daşıyan bağa çatana kimi şam yeməyi üçün münasib bir məkan tapa bilmədik...

Biz vəziyyətdən çıxış yolu tapmağa çalışanda qonaqlıq vermək istəyən yazıçı dostumuz ciddi görkəm alıb, belə dedi: “Siyavuş Novruzov burda olsaydı, basıb iki gözümüzü bir deşikdən çıxarardı”.

Bahar xanım gözlərini itirə biləcəyindən ehtiyatlanıb, çəkinə-çəkinə soruşdu: “Niyə?”

Yazıçı dostumuzun cavabı belə oldu: “Başqa vaxt hamımız yazırıq ki, xalq acından ölür. Amma bayaqdan bəri baş çəkdiyimiz kafe və restoranların hamısı ağzına kimi doludur. Yaxşı ki, Siyavuş müəllim burda yoxdur...”

Məqamı gəldiyi üçün yazmaq istəyirəm: ötən il dekabrın 21-də baş verən ikinci devalvasiyadan sonra əhalinin problemlərini qabartmaq üçün saysız-hesabsız məqalələr yazmışıq. Bəzən elə olub ki, qarışqadan fil düzəltməyə çalışmışıq. Axı, jurnalist təxəyyülünün həddi-hüdudu olmur... Amma mən həm də maarifləndirmə işi aparıram. Dost-tanışa, qohum-qardaşa tövsiyə edirəm ki, israfçılıq etməsinlər, əllərindəki pulu qənaətlə xərcləsinlər. Təəssüf ki, çox vaxt özüm deyib, özüm eşidirəm...

Üç gün əvvəl tələbə dostum Çingiz Bayramovla birlikdə nahar etmək üçün metronun “Nəsimi” stansiyasının yaxınlığındakı restoranlardan birinə üz tutduq. Administrator çoxdankı tanışımız olduğu üçün bizə çətinliklə bir küncdə yer düzəltdi. İnanmayanlar gedib yerində monitorinq apara bilərlər: restoran ağzına kimi dolub-daşırdı. Masa arxasında əyləşənlərin böyük əksəriyyəti ailə-uşaq sahibi olan kişilər idi. Mən yeyib-içməyin əleyhinə olsaydım, həmin restorandakı vəziyyəti indi sizə təsvir etməzdim. Restorana da getmək olar, bara da. Amma bunu gündəlik həyat tərzinə çevirmək olmaz. Elə bir imkanlı adam tanımıram ki, onun heç olmasa, üç-dörd kasıb qohumu, dostu olmasın. İndiki həssas məqamda həmin insanlara kömək etmək, onlara dayaq durmaq Allaha da xoş gedər, bəndəyə də. Peyğəmbərimiz nahaq deməyib ki, qonşusu ac yatan bizdən deyil...

P.S.Dünən evə gedəndə yekəpər bir kişi qabağımı kəsdi: “Müəllim, oğlum özəl universitetdə oxuyur. Ona sponsor tapa bilərsən?” Arağın sərt qoxusu ürəyimi bulandırdığı üçün onu axıra kimi dinləyə bilmədim...

P.P.S.Ötən həftə evdar qadın olan Solmaz xanımın devalvasiyadan sonra ailə büdcəsinə qənaət etmək məqsədilə paltarı əllə yuduğunu yazmışdım. Məqalə saytda yerləşdirildikdən sonra Solmaz xanım məni aradı: “Məndən fərqli olaraq, dünya ərimin vecinə də deyil. Hər axşam qoltuğunda araq evə gəlir”.