Dörd uşaq anası kömək gözləyir

dord-usaq-anasi-komek-gozleyir
Oxunma sayı: 642

Məktubun mövzu yerində bu cür yazılıb: “Salam, çox xahiş edirik ki, bu şikayət məktubumuzu saytınızda yerləşdirəsiniz”.

Bizə şikayət edən 4 uşaq anası (uşaqlardan 2-si gözdən əlildir) Fərzəliyeva Almaz İsmayıl qızı bildirir ki bizə kömək etməsəniz, ailəmiz acından öləcək. Rayon icra nümayəndəliyi bizim şikayətlərimizi qulaqardına vurub.

Şikayəti olduğu kimi nəzərinizə çatdırırıq:

- Hörmətli KİV-lər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları!
Mən 1958-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuşam. Və bu günədək də orda yaşayıram, əgər buna yaşamaq deyilərsə… Yazıb sizə bildirirəm ki, mən həyat yoldaşım və 4 uşağımla evim olmadığından kənddə qaynımın həyətindəki daxmada yaşayıram.Yaşadığım daxma rütubətli və soyuqdur. Hətta daxmada 5 nəfərə belə yer olmadığı üçün mən və həyat yoldaşım həyətdə yaşayırıq. İki övladım (qızım və oğlum) gözdən əlil, həm də əqli cəhətdən zəifdirlər. Onu da deyim ki, kasıbçılıqdan uşaqlarımın heç birini orta məktəbdə oxuda bilməmişəm. Rayonun bir çox yerlərində qaz, işıq olsa da, bizdə bunlar yoxdur. Dəfələrlə müraciət etsəm də, şikayətimə baxmayıblar. Həyat yoldaşım kənddə iş olmadığından işsiz qalıb, dəfələrlə rayonumuzun müxtəlif idarələrinə və dövlət orqanlarına müarciət etsə də, iş tapa bilməyib. Mən şəxsən Sosial Müdafiə Nazirliyinə dəfələrlə müraciət etsəm də, müavinət ala bilmirəm. Mənim qabağıma bilərəkdən o qədər şərtlər qoyurlar ki, bu şərtlərlə sosial yardım ala bilməyim. Amma maraqlıdır ki, hər cür şəraiti olan qonşularım hər il Sosial Müdafiə Nazirliyindən müavinət alırlar. Amma mənə çatanda “sənə müavinət düşmür” deyirlər. Halbuki bu günədək imkansızlıq ucbatından uşaqların heç birini həkimə apara bilməmişəm. Çünki onlar əlil olduğundan mütəmadi olaraq həkim müayinəsindən keçməlidirlər. İnanın, hal-hazırda bu məktubu yazanda evdə iki əlil uşağa yedizdirməyə bir tikə çörək tapmadığımdan uşaqlar yanımda “çörək” deyib ağlayırlar. Vallah çox ağır vəziyyətdəyəm… Göyçay Şəhər İcra Hakimiyyəti milyonlarla pul xərcləyərək Nar bayramı keçirir, amma kənddə mənim kimi onlarla ailə evdə çörək almağa pul tapmır, bu, bəyəm haqsızlıq deyilmi?! Mən acizanə surətdə yazıb sizlərdən xahiş edirəm ki, mənə heç olmasa sosial yardım almağa kömək edəsiniz. Rayon icra nümayəndəliyi başda olmaqla bir çox dövlət orqanlarına müraciət etsəm də, mənim heç bir şikayətimə baxmayıblar, hər dəfə müxtəlif bəhanələrlə məni başlarından ediblər.

Artiq dərəcədə xahiş edirəm ki, 55 yaşlı ananın göz yaşlarıyla yazdığı məktuba biganə qalmayasınız, mən öləndən sonra balalarımın taleyi necə olacaq axı?! Mən savadsız bir kənd qadınıyam, yazıb sizə xahiş edirəm ki, mənim huquqlarimi qoruyasınız. Heç olmasa, mən öləndən sonra o uşaqların müavinətlərinin alınmasına köməklik edəsiniz.
Sizdən və Allahdan başqa artıq kimsədən imdad gözləmirəm. Mənim kimi çarəsiz, kimsəsiz qadına kömək dursanız, bu, Allaha da xoş gedər.

Ünvan, Göyçay rayonu, Bığır kəndi. Əlaqə nömrəsi: (051) 7473506.