“Dostluğumuz qırılmaz tellərlə bağlıdır”

dostlugumuz-qirilmaz-tellerle-baglidir-
Oxunma sayı: 839

- Sizin kimi gənc birinin palata sədri olmasına təəccübləndim, çünki bu mənzərə ilə az-az rastlaşırıq.
- Mən sizinlə bu məqamla razılaşmazdım. Respublikamızda son illərdə baş verən kadr dəyişikliklərində məhz gənclərin irəli cəkilərək məsul vəzifələrə təyin edilmələrinin şahidi oluruq. Ümumiyyətlə, gənclərin potensialının hərətərəfli reallaşdırılmasına dəstək göstərilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin I forumunun keçirilməsi və bu ənənənin indiyə qədər davam etməsi buna bariz nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 2005-ci ildə “Azərbaycan Gəncliyi” Dövlət Proqramının(2005-2009-cu illər) təsdiq edilməsi haqqında, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında sərəncamların imzalanması dövlət gənclər siyasətinin inkişafında yeni uğurlu addımlar olub.

- Niyə sizi sədr seçiblər? Daha əvvəl Rumıniya ilə hər hansı bağlılığınız olubmu?
- Mənim Rumıniya, rumın xalqı ilə yaxından tanışlığım Milli Məclisdəki fəaliyyətim dövrünə təsadüf edir. Həmin dövrdə Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupununun rəhbəri deputat Azay Quliyevin köməkçisi olduğum ücün tez-tez Rumıniyadan gələn qonaqlarla təmasda olur, rumın xalqının mədəniyyəti, yaşam tərzi ilə yaxından tanış olmaq imkanı əldə edirdim. Rumıniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə dostluq əlaqələrim bugünə qədər davam edir. Əmək fəaliyyətimin sonrakı mərhələsində Rumıniyanın iri şirkətlərindən biri olan “UTİ GROUP”-un Azərbaycandakı nümayəndəliyinin direktoru təyin olundum. Tam səmimiyyətlə özümə borc hesab edirəm ki, Azay müəllimin yanında qazandığım təcrübə və səriştə sonrakı fəaliyyətimə mənə çox yardımcı olduğunu qeyd edim. Yəqin ki, bu faktlar Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri vəzifəsini yerinə yetirməyim üçün zəmin yaradıb.

- Harada təhsil aldığınızı bilmək istərdik.
- Mən Maliyyə-İqtisad Kollecini, Bakı Dövlət Universitetini, Azərbaycan Dövlət Pedaqoji Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm.

- Sizcə Azərbaycan-Rumıniya Ticarət Palatası hansı zərurətdən yarandı?
- Azərbaycan-Rumıniya Ticarət Palatasının yaranmasının əsas məqsədi iki ölkə arasında qarşılıqlı iqtisadi, o cümlədən biznes əlaqələrinin inkişafına, investisiyaların cəlb olunmasına köməklik etməkdir.Əsas fəaliyyət istiqamətlərimiz Azərbaycan və Rumıniya iş adamlarının hüquqlarının qorunması üçün maarifləndiriçi tədbirlər keçirmək, əməkdaşlığı və daimi sosial dialoqu təşviq etmək, biznes əlaqələrinin inkişafına kömək edəcək istedadlı gəclərin aşkara çıxarılmasını, təhsilini davam etdirməsini, intellektual inkişafını dəstəkləmək, Azərbaycan Respublikasının iqtisadiyyatını tənzimləyən qanunvericilik barədə Rumıniya Respublikasının iş adamları, sahibkarları arasında daimi maarifləndirmə işi aparmaqdır.

- Bəs Azərbaycan-Rumıniya Ticarət Palatasının ölkələrimiz arasında qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinə nə kimi təsiri olub? Palatanın yaradılmasından sonra yeni əməkdaşlıqlar qurulubmu?
- Azərbaycan-Rumıniya Ticarət Palatasının ofisinin rəsmi acılış mərasimində Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea, İnfrastruktur layihələr və xarici investisiyalar üzrə xüsusi nazir Dan Şovan və Rumıniyanın iri şirkətlərinin rəhbərləri iştirak etmişdi. Qonaqlar qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin idilər. Onlar iqtisadi əlaqələrin daha da güclənməsində özəl bölmənin rolunu xüsusi qabartmışdılar və bununla da bağlı iş adamlarını fəal ikitərəfli əməkdaşlığa çağırmışdılar. Rumıniyalı iş adamları Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdılar. Acılış mərasimindən sonrakı iki ay ərzində hər iki dövlətin şirkətləri tərəfindən müxtəlif səpkili təkliflər daxil olub. Təkliflər hazırda nəzərdən keçirilir və lazımi istiqamətə yönəldilir. Biz bütün gücümüzlə çalışırıq ki, Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi yüksələn xətlə inkişaf etsin. Məlumat üçün bildirim ki, Azərbaycanla Rumıniya arasında 2012-ci il ücün ticarət dövriyyəsi 83,6 mln. ABŞ dolları təşkil edib. Rumıniyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 0,25 faiz (38-ci yer), o cümlədən idxalda 0,25 faiz (37-ci yer), ixracda isə 0,25 faiz (31-ci yer) olub. İdxal - 24 mln. ABŞ dolları, ixrac -59,6 mln. ABŞ dolları təşkil edib.

- Rumıniyadan Azərbaycana əsasən hansı mallar idxal olunur?
- Yerqazan və tunelqazan maşınlar və onların hissələri, dərman vasitələri, oduncaq və ondan hazırlanan məmulatlar, neft-qaz buruqlarının qazılması üçün borular, şampunlar, mebel, yataq ləvazimatları, işıqlandırıcı avadanlıqlar, digər avadanlıqlar və mexaniki qurğular, onların hissələri, elektrik maşınları və avadanlıqları, aparatlar və onların hissələri idxal olunur.

- Bəs ixrac malları hansılardır?
- Azərbaycandan Rumıniyaya əsas ixrac malları isə xam neft, digər məqsədlər üçün qazoyllar, emal olunmamış alüminium ərintiləri, reaktiv kerosin yanacağı, kimya sənayesi məhsullarıdır.

- Şahin bəy, əlaqələrin daha da gücləndirilməsi üçün hansı tədbirlər görülür?
- Ümumiyyətlə, Azərbaycan-Rumıniya Ticarət Palatasının qarşıya qoyduğu ən önəmli vəzifələrdən biri ölkələrimizin vətəndaş cəmiyyəti təmsilçiləri, qeyri-hökumət təşkilatları arasında əlaqələrin, sosial və mədəni mübadilənin inkişafına yardımcı olmaqdan ibarətdir. Məsələn, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu “Gənclərin iqtisadi, sosial və mənəvi inkişafına yardım“ İctimai Birliyinin həyata keçirdiyi “Rumıniyada və Serbiyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkün uşaq və gənclərin rəsm əsərlərinin sərgisinin təşkili” lahiyəsinə maliyyə ayırıb. Təşkilat bizdən bu lahiyənin Rumıniyada həyata keçirilməsində təşkilatı köməklik göstərməyimizi xahiş etdi. Təbii ki, biz bu umummilli məsələyə biganə qala bilməzdik. İyun ayının əvvəlində Buxarest şəhərində keciriləcək sərginin təşkilati işlərini öz üzərimizə götürdük və tədbirin keçirilmə yerinin müəyyənləşdirilməsində, Rumıniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, mətbuatın və televiziyaların, yerli QHT-lərin cəlb edilməsində yardımcı oluruq.

- Bu tədbirdən əlavə başqa tədbirlər də gözlənilirmi?
- Bəli, iyun ayında daha bir tədbir - müvafiq dövlət qurumlarının və yerli İKT şirkətlərinin iştirakı ilə Azərbaycan-Rumıniya Ticarət Palatasının ofisində informasiya təhlükəsizliyi mövsusunda toplantı keçiriləcək. Tədbirə Rumıniyanin bu sahədə böyük təcrübəsi olan və məhsulları NATO sertifikatı almış CertSIGN şirkətinin mütəxəsislərini dəvət etmişik.

- Bəs Ruminyalı iş adamları Azərbaycanda hansı böyük layihələri gerçəkləşdirirlər? Və ya əksinə, Azərbaycandan Rumıniyaya böyük həcmdə kapital qoyulurmu?
- Hazırda Rumıniyada Azərbaycan kapitalının iştirakı ilə 49 müəssisə qeydiyyatdan keçib. Onlardan 6-sı ticarət, inşaat, nəqliyyat, hasilat və emal sənayesi, daşınmaz əmlak sahələrində fəaliyyət göstərir. Müəssisələrin əsas kapitalında Azərbaycan sərmayəsinin həcmi cəmi 2,6 milyon ABŞ dolları təşkil edir. 12 iyul 2007-ci ildə ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin açılışı 12 iyul 2007-ci ildən olub. Rumıniyaya ARDNŞ tərəfindən qoyulan kommersiya məqsədli investisiyalar 9,5 milyon avro təşkil edir ki, bu investisiyalar əsasən daşınmaz əmlakın və yanacaqdoldurma məntəqələrinin alınmasına və yenidən qurulmasına yönəldilib. Azərbaycanda 2013-cü ilin əvvəlinə kimi Rumıniya investisiyalı 8 şirkət qeydiyyata alınıb. Bu şirkətlər, əsasən, sənaye, tikinti, xidmət və ticarət sahələrində fəaliyyət göstərirlər.

- Həmin bu kapitallar daha çox hansı sahələrə sərmayə qoyulur?
- Müxtəlif sahələr ola bilər. Məsələn, Rumıniyanın SİVECO şirkəti Azərbaycanda təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi layihələrində iştirak edir. Azərbaycan bazarında fəaliyyət göstərən digər Rumıniya şirkəti - “UTİ Group” təhlükəsizlik sistemində həlledici infrastrukturların yaradılmasında ixtisaslaşıb. “UTİ Group” şirkəti Azərbaycanda virtual təhlükəsizlik sisteminin yaradılması layihəsini həyata keçirir. Hər iki şirkət Avropa standartlarına uyğun qabaqcıl texnologiyalardan istifadə edir və təcrübəli kadr potensialına malikdir.

- Bu yaxınlarda Rumıniya ilə Azərbaycan arasında viza rejimi sadələşdiriləcəyi bildirildi. Bunun ölkələrimiz üçün nə kimi əhəmiyyəti ola bilər?
- Bu fikirləri ölkəmizdə rəsmi səfərdə olarkən Rumıniyanın xarici işlər naziri cənab Titus Korlatsean Azərbaycanın xarici işlər naziri cənab Elmar Məmmədyarovla birgə mətbuat konfransında söyləmişdi. Düşünürəm ki, ölkələr arasında viza rejiminin sadələşdirilməsinin müsbət və mənfi tərəfləri mövcuddur. Pozitiv rakursdan yanaşsaq, viza rejimi sadələşərsə, iqtisadi, təhsil sahələrində əlaqələrin intensivləşməsi baş verəcək. Hesab edirəm ki, viza rejiminin sadələşdirilməsi mədəniyyətlərin qovuşması, sərbəst gediş-gəlişin əhəmiyyəti baxımından hər iki ölkənin əhalisinə fayda gətirəcək. Ümid edirəm ki, bu, Azərbaycan və Rumıniya arasında hər bir sahəyə müsbət təsirini göstərəcək.

- İşinizlə bağlı yəqin ki, Rumıniyaya tez-tez səfər edirsiniz. Azərbaycanla Rumınya arasında hansı fərqlər var? Orada qarşılaşdığınız hansı məqamları bizdə görmək istərdiniz?
-Təbii ki, Rumıniyaya səfərlərimiz tez-tez olur. Bizim qarşılıqlı səfərlərimiz, müxtəlif dövlət və hökumət üzvlərinin səfərləri, artan iqtisadi imkanlar, enerji sahəsində aparılan danışıqlar və nəzərdə tutulmuş praktik addımlar, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirir. Rumıniya Avropa İttifaqının və NATO-nun üzv dövlətlərindən biridir. Azərbaycan ilə Avropa İttifaqı arasında Assosiativ Sazişin imzalanmasına dair danışıqlar aparılır və Rumıniya bununla bağlı dəstəyini əsirgəmir. Mənim ən cox görmək istədiyim bir gün Azərbaycanın da Avropa İttifaqının və NATO-nun üzv dövlətinə cevirilməsidir.

- Azərbaycan və Rumıniya arasında mövcud olan tarixi bağlılıq ticarət müstəvisində özunu büruzə verirmi?
- Ümumiyyətlə, Rumıniya-Azərbaycan münasibətlərinin çox böyük tarixi vardır. Azərbaycanla Rumıniya arasında dostluq əlaqələrinin hələ XV əsrdən başlayan tarixi kökləri mövcuddur. 1473-cü ildə Ağqoyunlu dövlətinin başçısı Uzun Həsənlə Böyük Ştefan arasında müttəfiqlik haqqında müqavilə bağlanmış, Azərbaycan Demokratik Respublikasının müdafiə naziri Səməd bəy Mehmandarov rus ordusunda fəaliyyəti zamanı Rumıniya ordeni ilə təltif olunmuş, Məmməd Əmin Rəsulzadə II Dünya müharibəsi zamanı Buxarestdə yaşamışdır. Rumıniya Turkiyədən sonra Azərbaycanın dövlət müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyan ikinci dövlət olub. 21 iyun 1992-ci ildə 2 ölkə arasında diplomatik əlaqələr yaradılıb. 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001-ci ildə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. Azərbaycan-Rumıniya əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş hüquqi baza mövcuddur, indiyədək 55 ikitərəfli sənəd imzalanıb. 2013-cü ildə Rumıniya parlamentində Liberal Demokrat Partiyasının fraksiyası tərəfindən "Dağlıq Qarabağ münaqişəsi" adlı siyasi bəyanat verilib. Bu gün Azərbaycan-Rumıniya əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu da prezident İlham Əliyev cənablarının xarici siyasətinin uğurudur. Bütün bu faktlar sübut edir ki, dostluğumuz qırılmaz tellərlə bağlıdır və bizlərin üzərinə düşən əsas vəzifə qazanılmış nailiyyətləri qoruyaraq daha da inkişaf etdirək. Mənim subyektiv fikrimə görə, Rumıniya Azərbaycanın arasında zamanla sınamış bir dostluq mövcüddür və bu gün Rumıniyanın tam mənəvi haqqıı var ki, Azərbaycanın xarici ticarət dövriyyəsində önəmli paya malik olsun.

Gülnar