Dostum prezident olsa...

dostum-prezident-olsa
Oxunma sayı: 2869

Vahid Qazi

Virtual kosmosun başqa şəbəkə-planetlərindən sən deyən elə də xəbərim yoxdu. Tanıdığım insanların xarakter və düşüncələrini, hadisə və şəxslərə münasibətini analiz eləməyə imkan verən feysbuk aləmidi.
Burada nəinki tək-tək adamların, bütöv xalqın, toplumun belə ovqatını, sosial-mənəvi durumunu duya, nəylə, hansı duyğularla yaşadığını hiss edə bilərsən. Bunu mənim kimi sıradan bir feysbukçu bacarırsa, görün xüsusi tədqiqat idarələrinin analitikləri nələri görür, bilir, öyrənirlər!

Toplumların ovqatından söz saldım, təkcə bir nümunə deyəcəm. Məsələn, isveçlilərlə azərbaycanlıların virtual cəmiyyətləri arasındakı fərq elə onların real həyatlarındakı fərq qədərdi. Biz virtual, onlarsa real həyata ciddi yanaşır.

Mövzudan qırağa çıxaram deyə mətləbdən uzaqlaşmayım. Vaxtilə “Facebook ölkəsi”ndə ətraflı yazmışam fikirlərimi.

Əslində bir demokrat dostumdan danışmaq istəyirəm. Demokrat dostların sayı çoxdu, burda birindən bəhs edəcəm. Mənim demokrat olmayan dostlarım da az deyil, amma onlar başqa yazının mövzusudular.
Dostum qlobal şəbəkədə fəaldı, yaxşı yazılar, şərhlər yazır, fikirlər bölüşür. Mövqeyini bəyənirəm. Bəşər adamıdı – tək vətəndə yox, dünyanın o başında olanlara da həssasdı, biganələrdən deyil.

Xətrini istədiyim bu dostumda bir neçə ildi “soyuqluq” hiss edirəm. Hələ ötən il vətəndaş cəmiyyətinə total hücumun “razqar” vaxtı yazdığım “Vətəndaş cəmiyyətini kim öldürdü?” adlı yazını ərinməyib demokrat dostumun poçtuna göndərdim ki, oxusun görüm, bölüşürmü fikirlərimi! “Oxuyaram” yazsa da, oxuduğunu yazmadı. Amma oxumuşdu, buna qəti şübhəm yox idi.

Anladığım qədər yazı bir çox ictimai-siyasi, mətbu və QHT cığırdaşlarım kimi onun da əhvalını pozub, ağrıdıb. Bilirəm, hamımıza güzgü tutan yazıydı. Yazanda mənə də ağır gəlmişdi.

Müsəlmanın “o gün”lərinin birində bir yazısına şərh yolladım. Cavab verməyəndə incidiyinə şəkk-şübhəm qalmadı.

O vaxtdan düşünürdüm, bu incikliyin səbəbi nədi belə?! Axı mənim qəlbqıran, könülsındıran vərdişim yoxdu!
Nəhayət “o gün” bildim! Virtual dünyanın tanrılarından olan möhtərəm Mark əfəndi neçə il öncəki statusumu xatırladanda yadıma düşdü!

Sən demə, demokrat dostum seçki zamanı öz namizədliyini irəli sürübmüş. O vaxt bu xəbəri oxuyanda əlim dinc durmayıb, zarafata salıb bir atmacalı status yazıbmışam.

Atmacanın canı ilin-zamanın bu çağında onun prezidentliyə namizədliyini irəli sürməsində deyildi. Ondan yaxşı namizədmi olacaq, Hafiz Hacıyevin də namizəd olduğu məmləkətdə?! Elə-belə, yüngülcə ərkyana ironiya vardı.

Kiminsə məndən inciməsini istəmərəm, qəlbə dəyməyi də ən ağır günahlardan bilirəm. Amma Söz bütün günahlardan ağırdı, yerində deməsən, sənin özünü incidər.

Məndən küsmüş birini görəndə pis oluram, qəlbim sızıldayır, özümü günahkar sayır, qınayıram.
Amma dediyim ayrı şeydi. Dediyim odu ki, siyasi lider, dövlət başçısı, partiya rəhbəri və bu qəbildən hər kəs gərək kinli olmasın. Demokratik dəyərləri bölüşən adam isə heç olmasın! Kinlidisə, bu işə girişməsin!
Böyük qəlblərdə xırda duyğular olmaz!

Kin virusdu, sağalmayan xəstəlikdi. Bəşəriyyət dərmanı olmayan bugünün ən dəhşətli xəstəliklərinə də çarə tapacaq. Amma insanlıq son gününədək içindəki kini məhv edə bilməyəcək.

Bizim kimi adi yazı-pozu adamının kini keçilər, uzaq başı acıqlı bir yazı yazarıq. Amma ölkəyə, siyasi hərəkata başçılıq eləyənin kini bütöv xalqa yoluxar.

Elə kinli liderlərin güdazına getmədikmi?! Tariximizdə nə qədər nümunələr var.

İndi düşünürəm, nə vaxtsa, hansı ovqatdasa yazdığım, unutduğum belə, amma sən demə virtual kosmosun öz ənginliyində qoruyub saxladığı atmaca bir sözü yaddaşına və qəlbinə həkk edən demokrat dostum prezident olsaydı görən neylərdi? Doğrudan, məni tutdurardı? Didərgin saldırardı? Əzizlərimi məndən imtina elətdirərdi?

İnanmıram! Demokratlar belə olmurlar! Belə olmamalıdılar!

Hər halda Tanrı bizi kinli liderlərdən qorusun!

Elə bunu deyirdim səki, uzatdım bir az.