Dostunu öldürənlə bağlı hökmdən protest verilib

dostunu-oldurenle-bagli-hokmden-protest-verilib
Oxunma sayı: 1441

Azyaşlı oğlu öldüyü üçün Allahı söyən dostunu öldürməkdə təqsirləndirilən keçmiş məhkum 31 yaşlı Vüqar Həsənovun barəsindəki hökmdən Baş Prokurorluq apellyasiya protesti verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Baş Prokurorluq hökmdən apellyasiya protesti verərək V.Həsənovun qətldə ittiham edilərək həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum edilməsini tələb edib. Proses iyunun 13-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, 2017-ci il oktyabr ayında Xətai rayonunda eyni məhəllədə yaşayan V.Həsənov dostu Elşən Məmmədovla mübahisə edib.

Belə ki, hadisə günü E.Məmmədovun azyaşlı oğlu xərçəngdən vəfat edib. O da buna görə Allahı, peyğəmbəri günahkar bilərək üsyan edib. Dostu Vüqar isə buna etiraz edib və mübahisələri  başlayıb. Dostlar bıçağa əl atıblar. E.Məmmədov hadisə yerində ölüb, V.Həsənov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Həsənovun qətli özünümüdafiə məqsədilə törətdiyi qanaətinə gəlinib və ona bu maddə üzrə  bəraət hökmü verilib.

V.Həsənov qanunsuz silah saxlama maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıq məhrum edilib. Onun cəzası bu ilin iyulunda başa çatacaq. 

Murad Əhməd