Dostunun 56 min dollarını mənimsəyən şəxsə 1 il iş verildi

dostunun-56-min-dollarini-menimseyen-sexse-1-il-is-verildi
Oxunma sayı: 1926

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Mirişova hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E. Mirişov 1 il müddətinə azadlıqdan məhrum edilib.

E. Mirişov istintaqa ilkin ifadəsində deyib ki, dostlarına xaricdən maşın gətirməyi təklif edib: “10 illik dostum Emin Quliyev həm də cüt rəqəmlə bitən nömrə istədi. Onun istədiyi 10 BB 100 nömrəsini 16 min dollara ala biləcəyimi dedim. 2014-cü ildə Tibb Universitetinin yanında yerləşən əyləncə mərkəzində Eminlə görüşüb 16 mini aldım. Emin həm də “Mercedes Galendevagen” istəmişdi, buna görə də bir neçə gün sonra beh kimi 40 min dollar aldım. Maşını gətirmək üçün xaricə getdim, amma işlərim yolunda getmədi. Maşını gətirə bilmədim, həmin müddət pulu da özüm üçün xərclədim. Azərbaycana da qayıda bilmədim”.

E. Mirişov isə məhkəmədə bu ifadəni təkzib edib və belə demədiyini bildirib: “O ifadənin altında mənim imzam var. Çünki müstəntiq mənə dedi ki, şəxsiyyət vəsiqəm üstümdə olmadığı üçün boş vərəqə qol çəkməliyəm. Mən də elə etdim. Deyilən 10 BB 100 nömrəsi bir “Bentley”in üstündədi. O nömrənin qiyməti 100 mindən çoxdur”.

Murad Əhməd