Dostunun maşınını sərxoş sürdü, piyadanı öldürdü

dostunun-masinini-serxos-surdu-piyadani-oldurdu
Oxunma sayı: 1311

Avqustun 6-da saat 20 radələrində Ağstafa rayonunun Muğanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, kənd sakini Şadət Bayramov sərxoş halda idarə etdiyi həmkəndlisi Abbas Bağırova məxsus “VAZ 21015” markalı, 05-BG-362 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında olan həmkəndlisi Faiq İbrahimovu vurub. Sürücü bundan sonra hadisə yerindən qaçıb və piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Qəzaya görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin Ş.Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.