Dövlət Bayrağı gününə həsr olunan tədbir keçirilib

dovlet-bayragi-gunune-hesr-olunan-tedbir-kecirilib
Oxunma sayı: 1645

Bu gün Nərimanov rayonunda Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə çıxış edən İcra başçısının müavini İradə Mahmudova Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunduğunu, 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəz edildiyini qeyd edib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunduğunu bildirib. 

Qeyd edilib ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Sonra tədbirdə kompleksin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.