Dövlət büdcəsinin icrasına nəzarət qaydalarında dəyişiklik edildi

Dövlət büdcəsinin icrasına nəzarət qaydalarında dəyişiklik edildi
Oxunma sayı: 741

Nazirlər Kabineti  “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Qaydaya əsasən, dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilərdi.
 
Dəyişikliyə əsasən bu müddəa ləğv edilib. Başqa sözlə, dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilməz. Qaydaya əsasən Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdi. Dəyişikliyə əsasən Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası  prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yalnız hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək yalnız il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.
 
Nazirlər Kabineti "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları"nda da dəyişiklik edib. Qaydaya əsasən dövlət büdcəsinin Ehtiyat Fondundan maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilərdi. Digər hallarda dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatırdı. Dəyişikliyə əsasən artıq birmənalı olaraq dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatacaq.
 
Qeyd edək ki, “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunla əlaqədardır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi