Dövlət çətinlikdə güclənir

dovlet-cetinlikde-guclenir
Oxunma sayı: 1993

Azər Qismət

Hələ tarixən məlumdur ki, ekstremal şəraitlərdə, həssas məqamlarda verilən informasiyalar ölçülü-biçili təqdim edilməli, ciddi şəkildə korrektəyə məruz qalmalıdır.

Bəzən rəsmi məlumat verilərkən bunlar nəzərə alınmır, xalqın qarşılıq suallarının nədən ibarət olacağı hesablanmır. Dünənki məlumat kimi. Rəsmi şəkildə məlumat yayıldı ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən yanğın baş verib. Nəticədə elektrik enerjisi təminatında fasilələr yaranıb. Başqa məlumat ortaya çıxdı ki, orada baş verən yanğının elektrik naqillərini sıradan çıxarmasını qabaqlamaq üçün işıqlar söndürülüb.

Aydındır ki, dövlət qurumlarının məlumatı özündə həqiqəti əks etdirirdi. Amma bu həqiqətin qarşılığında xalqın cavabı belə oldu: “Məgər elektrik enerjimiz bir taxıl yanmasına bağlıdır?”. Əlbəttə, belə sual gözlənilən idi. Ona görə də rəsmi qurumlar məlumatı başqa cür də verə bilərdilər: “Mingəçevir İstilik Elektrik stansiyasında yeni avadanlıqların quraşdırılması ilə əlaqədar müvəqqəti olaraq elektrik enerjisi verilişində məhdudiyyət yaranıb”. Bununla aydın olacaqdı ki, hökumət artıq enerji vahidini gücləndirmək üçün əməli fəaliyyətə başlayıb. Bu işin bir tərəfidir.

Digər tərəf elektrik enerjisi məsələsi və Gəncə hadisələrindən sonra sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı fikirlərin səsləndirilməsi oldu. İşıqlar sönəndə, dövlət məmuruna qarşı terror hadisəsi törədiləndə adamlar arasında şayiələrin yaranmasının qarşısını sosial şəbəkələr aldı. Düzdür, çevrilişə cəhdlər fonunda çağırışlar edildi, ancaq istənilən halda adamlar belə çalınan havalara oynamadılar. Ona görə də belə şəbəkələrə məhdudiyyət qoymaq lazım deyil.

İşıq sönəndə adamların çox əziyyət çəkməsi barədə danışmağa ehtiyac yoxdur. Ancaq Feysbuk vasitəsilə adamlar bildi ki, bütün ölkədə işıq sönüb. Əksəriyyət belə vəziyyətə zarafatyana statuslar yazmaqla “su səpdi”. Çünki yumor insanları qismən də olsa rahatlandırır, güldürür, baş verən enerji fəlakəti beynin dərin qatlarına sirayət edib dövlət əleyhinə pis fikirlərə düşməkdən, inamı itirməkdən yayındırır. Biz cəmiyyətin anlayan təbəqəsiyik. Bilirdik ki, kimsə bundan pis istiqamətə sui-istifadəyə yol verməyə çalışacaq, çağırışlar edəcək. Hətta işıqlı adamlarla şəxsi yazışmalarında anlaşırdıq ki, adamları nədənsə çəkindirməyə dair məsləhətlər verməyək. O məsləhətləri yumorlu statusların içində əridək getsin, beyin altına informasiyalar ötürək. Bəzən adamlar belə fəndlərə “Araz aşığından, Kür topuğundan” prinsipi ilə yanaşsa da, cəmiyyətdə nisbi yüngüllük yaranır.

O həssas məqamlarda məsləhət vermək adamları qıcıqlandıra bilərdi. Əsas məsələ yumorla yayındırmaq cəhdləri idi. Ancaq öz içimizdə qovrulurduq ki, Azərbaycan Gürcüstandan elektrik enerjisi almağa qədər aşağı enməli deyildi. Düzdür, biz onlara ekstremal vəziyyətlərdə kömək əlimizi uzatmışıq, hətta qış günündə qaz verib ölkələrindəki çevrilişin qarşısını almışıq, sabitlik yaratmışıq. Çünki Gürcüstanın sabitliyi Azərbaycan üçün mühüm faktordur. Rusiyanın başı üzərindən onun düşməninə qaz vermək hər kiçik ölkənin cürəti deyildi, amma biz bunu etmişik. Çünki biz qonşunu darda qoymayacaq qədər etibarlı tərəfdaşıq. Elə Belarusa da çətin vaxtında kredit verməyimizin nəticəsidir ki, “İsgəndər” raketlərinin alternativi, hətta ondan da yüksək “Polonez” raket kompleksini aldıq.

Söhbət nədən gedir? Ondan gedir ki, sosial şəbəkəni bağlamaq olmaz. O həm də xalqın fikir meydanıdır. Məsələn, Elmar Vəliyev hadisəsində adamların fikirləri açıq-aydın görünür, çoxsaylı suallar yaranırdı. Bəzən o sualları cavablandırmaqla məsələni yumşaltmaq olar. Elmar Vəliyev kobud adamdır, ümumilikdə özünü necə aparıb, bu barədə qəti fikir söyləməyin vaxtı deyil. İstənilən halda dövlət məmuruna atəş açmaq terror sayılır və qara işlər planlaşdıranlar üçün münbit şərait yarada bilər. Dövlət Elmar Vəliyevin şəxsi xarakteri, onun xalqın nümayəndələri necə davranışı üzərində dayanmır, baş verə biləcək gələcək hadisələri önləyir. Şəxsi xarakteri hadisələrin səngiməsindən sonra da yoluna qoymaq olar. 

Sosial şəbəkədə belə fikir daha çox səsləndi ki, guya Elmar Vəliyev Yunis Səfərovun yaxın adamına sataşıb, yaxud torpaq sahəsini əlindən alıb. Doğrusu, gözləmək olardı ki, elə həmin günlərdə onun yaxın qohumu çağırılıb dindiriləcək, onun izahatı adamlarda yaranmış qəti fikri alt-üst edəcək. İkinci sual doğuran məqam Yunis Səfərovun Qum şəhərində yaşaması və Suriyaya getməsi ilə bağlı idi. Adamlar sual verirdilər ki, bir insan müxtəlif ideoloji dini cərəyanlara necə qoşula bilər? Bax onda tam məntiqlə izah edilməli idi ki, Yunis Səfərov Suriyada İŞİD-ə qoşulmayıb, “Hizbullah”ın tərkibində vuruşub. Üçüncü sual bundan ibarət idi ki, bir adam İslam dövləti yaratmaq istəyirsə, niyə yalnız dövlətin bir məmuruna qarşı terror törədib? Axı, İslam dövləti yaratmaq istəyənlər adətən müxtəlif obyektləri partlatmaqla əhalidə xof, ölkədə xaos yaradırlar. Amma Yunis Səfərov yalnız bir nəfərin yaxasından yapışıb. İzah olunmalı idi ki, haklimiyyətə qarşı çevriliş etmək istəyənlərin konsepsiyasında ayrı-ayrı vəzifə adamlarını aradan götürmək bəndi də əksini tapır. Adamlarda dördüncü sual da yaranmışdı ki, Taleh Bağırzadənin həbsi ilə Elmar Vəliyev arasında hansı bağlılıq var. Bunun da cavabı vardı: Taleh Bağırzadənin həbsi Yunis Səfərovda kədər yaradıb, qisası dövlət məmurundan almağa çalışıb.  

Ona görə də sosial şəbəkələr lazımlıdır. Həm ekstremal vəziyyətlərdə həyəcan üzərindən manipulyasiyalar etməyə çalışanların qara fikrini zarafatyana statuslarla yayındırırsan, həm də xalqın nə düşündüyünü öyrənir, suallarına cavab verirsən.

Gəlin təsəvvür edək ki, sosial şəbəkələr məhdudlaşdırıldı, yaxud tam ləğv edildi. Belə olacağı təqdirdə adamlar arasında şayiələr artacaqdı, “nə baş verir” sualı ilə informasiya mənbələri axtarışına çıxılacaqdı. Elə bu zaman son günlər Azərbaycana qarşı xaricdən açılan saytlar xalqı kütləvi itaətsizliyə səsləyəcək, ölən və yaralananlar barədə şişirdilmiş rəqəmlər verəcək, ölkənin ayrı-ayrı bölgələrində guya güc strukturlarının xalqa qarşı keçirdiyi əməliyyatlardan yazacaqdı. Nəticə ağır olacaqdı. Lakin məhz sosial şəbəkənin vasitəsilə qonşu ölkənin muzdlu adamlarının əliyalın polisləri öldürməsi faktı şiddətli şəkildə qınanıldı. Məhz sosial şəbəkələr vasitəsilə məlum oldu ki, adamların böyük əsksəriyyəti dövlətin və dövlətçiliyin tərəfindədir. Elə bu məqamda xüsusi açılmış saytların sosial şəbəkə qəhrəmanlarının xalqı itaətsizliyə çağırış statusları silindi. Ancaq dövlətçiliyin tərəfində olanların bəziləri də iki yol arasında qalmışdılar. Çox qəribə psixoloji məqam hökm sürürdü.

Bir tərəfdən məmur özbaşınalığının aradan qaldırılması üçün adamların aksiyaya qalxması təqdir edilirdi. Digər tərəfdən Elmar Vəliyevə qarşı sui-qəsddən sonra bəzi sosial şəbəkə istifadəçiləri bunu alqışladılar. Onlar hesab edirdi ki, ümumiyyətlə özbaşına məmurların dərsi belə veriməlidir. Ancaq Gəncədə baş verən qanlı hadisədən sonra anlaşıldı ki, məmura “dərs vermək” dövlətin əsasını laxladır. Yəni, bu dövlət ona görə qurulub güclənməyib ki, məmurlara dərs fonunda laxlasın, qaranlıq ölkəyə çevrilsin. Adamlar sanki ayıldılar. Həm də yaxın tarixə nəzər saldılar. Tarix Surət Hüseynovla bağlı idi. Xatırlayırsınızsa, şimal ölkə - siyasətini həyata keçirmək və Azərbaycanda möhkəmlənmək üçün əvvəlcə polkovniki qəhrəman səviyyəsinə qaldırmışdı ki, adamlar ardınca getsin. Həmin ssenari təkrarlanırdı. Bir sözlə, məmura dərs keçilməsinin tərəfində olanlar duyuq düşdülər ki, burada gizli məqamlar mövcuddur. Onlar dövlətin tərəfində dayandılar.

Bir məqam xüsusuilə qabardıldı: dövlət vəzifə islahatları aparır, vəzifələrə yeni və işlək qüvvələr gəlir. Deməli, proses başlayıb. Yalnız ayrı-ayrı məmurların fəaliyyətinə və xalqla münasibətlərinə yenidən baxılmalı, nəzarət artırılmalıdır. Və düşmənin barmağını haradan basması boşluqları doldurulmalıdır. Boşluqlar elektrik enerjisi, separatçı qüvvələrin ortaya çıxmasının qarşısını almaqdan ibarətdir.

Azərbaycan - işığın sönməsinə qədər sınan, çökən dövlət deyil. Enerji sektoruna dair tədbirlər planı da hazırlanacaq, alternativ variantlar da tapılacaq, adamların dövlətə inamı daha da artacaq. Ancaq son 15 ildə enerji sektoruna qoyulan 6 milyarddan çox vəsaitin müqabilində ölkənin qaranlığa bürünməsi gərək olmayaydı. Dövlət enerji dayanıqlığı üçün əlindən gələni edib. Lakin lenti kəsilən stansiyaların bəziləri ümumiyyətlə işləməyibsə, bu, başqa söhbətin mövzusudur.