Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda olub.
Komitədən “Qafqazinfo”ya daxil olan xəbərə görə, daha sonra nümayəndə heyəti Meksikanın Los-Ancelesdəki Baş konsulu Carlos Eugenio Garcia de Alba Zepeda ilə görüş keçirib. Görüşdə Azərbaycan dövlətinin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan Diasporuna Dəstək Fondu haqqında məlumat verilib. Eyni zamanda, ABŞ-dakı Meksika diasporunun tarixi, inkişaf prosesi, problemləri müzakirə olunub, bu ölkədəki Azərbaycan və Meksika diasporunun birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin növbəti görüşü San Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq ilə baş tutub. Tərəflər ABŞ-da Azərbaycan mədəniyyətinin tanıdılması və həqiqətlərinin təbliği istiqamətində daha çox işlərin görülməsi üçün razılığa gəlib.
Los-Anceles səfəri çərçivəsində Koreya-Asiya icmasının 40 nəfər üzvü ilə keçirilən görüşdə Azərbaycanın tolerantlıq modeli haqqında qısa metrajlı film nümayiş etdirilib.
Bundan başqa, Şimali Amerika Yəhudi Federasiyalarının İdarə Heyətinin sabiq sədri (2017-18), Milken Ailə Fondunun vitse-prezidenti, Kaliforniya Berkli Universiteti Fondunun İdarə Heyətinin üzvü Richard Sandler ilə də görüş olub. Görüşün əsas mövzusunu Azərbaycan və Yəhudi icmaları, eləcə də Azərbaycan-İsrail arasındakı əlaqələr, Azərbaycan Diasporuna Dəstək Fondu ilə Milken Fondu arasında əməkdaşlıq perspektivləri müzakirəsi təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı və İran-Amerika Yəhudi Federasiyasının ev sahibliyi ilə keçirilən tədbirə qatılıb. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan və yəhudi xalqlarının dostluğu, Azərbaycan-İsrail münasibətlərinin tarixi barədə danışaraq, hər iki icmanın ABŞ-da əlaqələrinin möhkəmləndirilməsi və maraqları naminə birgə fəaliyyətinin vacibliyini vurğulayıb.