“Dövlət orqanları Suriyaya gedənlərin qarşısını ala bilmir”

dovlet-orqanlari-suriyaya-gedenlerin-qarsisini-ala-bilmir
Oxunma sayı: 2326


"Qafqazinfo" həmin yazını təqdim edir:

Suriyada həlak olan azərbaycanlıların hər keçən gün artır. Əgər 2013-cü ilin əvvəli üçün Suriyada döyüşən azərbaycanlıların sayının 100-ə yaxın olduğu güman edilirdisə, indi bu sayın dəfələrlə artdığı müşahidə olunur. Azərbaycanın yalnız şimal rayonları olan Şəki, Qax və Zaqataladan Suriyadakı döyüşə gedənlərin sayının 250 nəfəri ötdüyü ehtimal olunur. Ancaq son zamanlar Suriyada savaşan azərbaycanlılar arasında, Sumqayıt, Tərtər və Naxçıvan doğumlu sakinlərin olduğu gələn xəbərlər arasındadır. uriyadakı savaşa aliləvi şəkildə qatılanlar və həlak olanlar haqqında da məlumatlar var.

Azərbaycanlılar Suriyaya necə və hansı yolla qatılırlar?

Suriyada vətəndaş müharibəsi başlayanda azərbaycanlı savaşçılar haqqında məlumat çox az idi. Bu azərbaycanlılar əsasən Əfqanıstan və Şimali Qafqazdakı terrorçu qrupların tərkibində olanlar idi. Onların sayı isə çox az idi. Ancaq bir müddət sonra Azərbaycanın özündən Suriyaya axın başladı. Bu azərbaycanlılar əvvəlcə Türkiyəyə gedir, oradan isə Suriyaya keçirlər. Gedənlər əsasən Əl-Kaidaya bağlı qruplara qoşulurlar. Böyük ehtimalla azərbaycanlılar Suriyaya getmədən öncə bu ölkədə kimə və hansı şərtlər altında qoşulacaqlarını müəyyənləşdirirlər. Bu isə o deməkdir ki, artıq Əl-Kaidaya bağlı qrupların nümayəndələrinin Azərbaycanda təmsilçiləri və ya koordinatorları var ki, onlar Suriyaya yollanmaq istəyənləri məlumatlandırır, lazımi təlimatlar verirlər.

Suriyaya yollanan azərbaycanlıları iki qrupa bölmək olar. Birinci qrup sadəcə din uğrunda, Suriyadakı savaşa təmənnasız qatılanları (belələrin içərisində hətta imkanlı ailələrin övladlarına da rast gəlmək olar), ikinci qrup isə vəd edilən pula görə bu ölkəyə yollananları əhatə edir. Azərbaycanlı savaşçı həlak olduğu təqdirdə pul onun ailəsinə çatdırılır. Suriyaya gedən azərbaycanlılar əvvəlcə 30-45 günlük hərbi hazırlıq keçir, sonra isə döyüşlərdə iştirak edirlər.

Maraqlıdır ki, Bəşər Əsəd rejiminə bağlı olan silahlı qruplarda azərbaycanlıların olduğu haqqında məlumat azdır. Yalnız İranın Azərbaycan əyalətlərində yaşayan azərbaycanlıların Əsəd tərəfdən müharibəyə qatıldıqları haqqında məlumatlar var. Bu isə o deməkdir ki, Suriyada bir-birinə atəş açan azərbaycanlılar var.

Suriyadakı müharibədə azərbaycanlıların sayının getdikcə artması gələcəkdə Azərbaycana ciddi təhlükəsizlik problemləri yarada bilər. Azərbaycanın nə uzaq, nə də yaxın tarixində məzhəb qarşıdurmaları olmayıb. Ancaq ölkəmizdə məzhəb ayrıseçkiliyini dərinləşdirmək istəyənlər peyda olub və bu işdə Azərbaycanı təsiri altına almaq istəyən müxtəlif dövlətlərin marağı müşahidə edilir. 2000-ci ildən başlayaraq Azərbaycanda sələfi (vəhabi) cərəyanına qoşulanların sayının artması reallıqdır. 2000-ci ilə qədər sələfi təriqəti Azərbaycanda populyar olmayıb, bu təriqət Azərbaycana kənardan gətirilib. Misal üçün 2000-ci ilə qədər Çeçenistanda iki müharibə olub və bu müharibələrin heç birində azərbaycanlı sələfilər (vəhabilər) iştirak etməyiblər, halbuki dünyanın müxtəlif ölkələrindəki radikal sələfilər Çeçenistanda toplaşırdrılar. Bu ondan xəbər verir ki, 2000-ci ilə qədər Azərbaycanda sələfi cərəyanı indiki qədər geniş yayılmamışdı.

Azərbaycanda radikallaşan sələfiləri nəzarət altına almaq çətinləşir. Vaxtilə sələfilərin Bakıda böyük məscidi var idi. Həmin məscid fəaliyyət göstərərkən, prosesi nisbətən nəzarətdə saxlamaq mümkün idi, məscidin populyarlaşan axundu Hacı Qamət də tərəfdarlarını radikal addımlardan çəkindirirdi. O indi də Suriyaya yollanan sələfilərin doğru yolda olmadığını vurğulayır. Ancaq məscid dövlət orqanları tərəfindən qapadıldıqdan sonra Bakıda məskunlaşan sələfilər fərqli məkanlara üz tutdular, içərilərində radikal istiqamətə yönələnlər də oldu, Hacı Qamət isə faktiki işsiz qalıb. Halbuki, dövlət prosesi nəzarətdə saxlamaq baxımından onun sələfilər üzərindəki populyarlığından istifadə edə bilərdi.

Hazırda sələfi cərəyanına qoşulanların böyük əksəriyyəti qanunlara tabe olaraq gündəlik qayğılarıyla yaşayırlar. Ancaq içərilərində radikallaşanlar da az deyil. Belələri Azərbaycanın dünyəvi qürülüşunə təhlükədir. Onlardan gizli fəaliyyətə keçərək silahlanmağa meyllənənlər də var. Silahlı sələfilər Azərbaycanda məzhəb ayrı-seçkliyini getdikcə dərinləşdirirlər. Təsadüfi deyil ki, meşələrdə gizlənən bu tip sələfilərdən bir neçəsi Bakıda yaşayan tanınmış şiə axundlarından birini qətlə yetirəcəkləri ilə hədələmişdilər. Bu hədələrini sosial şəbəkələrdə yaymışdılar. Həmin şəxslər həbs olundular. Ancaq əgər bu hədə həyata keçirilsəydi, Azərbaycanda məzhəbləşmə kritik nöqtəyə çata bilərdi. Çünki, həmin şiə axundun radikal tərəfdarları da az deyil və onlar liderlərinin qətlinə cavab olaraq əks-fəaliyyətə keçə bilərdilər.

Suriyada savaşan azərbaycanlıların bir qrupu döyüşlərdə həlak olsa da, sağ qalanlar iki yoldan birini seçəcəklər. Birincilər, Suriyada savaş bitdikdən sonra başqa münaqişəli məkanlara üz tutacaqlar, ikincilər isə yenidən Azərbaycana qayıtmağa çalışacaqlarr. Hər ikisi Azərbaycana təhlükə vəd edir. Al-Kaidaya bağlı qrupların rəhbərliyi altında savaşan azərbaycanlıların gələcəkdə fəaliyyətlərini Azərbaycanda və ya Azərbaycanla əlaqəli davam etdirmələri üçün həmin qruplardan müxtəlif təlimatlar ala bilərlər.

Azərbaycanın müxtəlif dövlət orqanları hələ ki, Suriyaya yollanan azərbaycanlıların axının qarşısını ala bilmir. Azərbaycandan kənarda silahlı qruplara qoşulmaq həmin şəxsləri vətənlərində cinayət məsuliyyətindən azad etmir. Önəmli olan belələrinin dəqiq siyahısını müəyyənləşdirməkdir. Bu məsələdə Azərbaycanın müvafiq orqanlarının Avropa dövlətləri və Türkiyə ilə əlaqələrin genişləndirilməsinə ehtiyac var. Çünki, eyni problemlə Fransa və Böyük Britaniya kimi dövlətlər də üzləşib. Bu ölkələrdən də yüzlərlə şəxs Suriyadakı savaşa yollanıb və onların müəyyənləşməsi istiqamətində ciddi iş aparılır. Məqsəd savaşçılar geri qayıtdıqdan sonra onları nəzarət altına almaqdır. Bu mənada Türkiyə də Azərbaycan üçün vacib ölkədir. Çünki, savaşa yollanan azərbaycanlılar Türkiyə üzərindən Suriyaya çox rahatlıqla keçirlər. Demək, gedənlərin kimliklərini müəyyənləşdirmək elə də çətin olmamalıdır.