“Xaricdə təhsil alan 20-dən artıq məzun nazirlikdə işə düzəlib”

xaricde-tehsil-alan-20-den-artiq-mezun-nazirlikde-ise-duzelib
Oxunma sayı: 2567

"2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov prezidentin sərəncamı ilə təsdiq olunmuş yeni Dövlət Proqramınin ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

"2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı vasitəsilə 3558 gənc dünyanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Onların böyük hissəsi təhsilini bitirib ölkəyə dönüb. Bu müddət ərzində müxtəlif xarici universitetlərin paytaxtda filialları açılıb. 

Proqramın birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyətinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması ilə təkmilləşdirilməsi nəzərdə tutulub. Hazırda Azərbaycan-Fransa universitetinin açılması, fikrimcə, ən mühim addımlardan biridir və çox gözəl nəticələrini görürük.

Proqramın ikinci komponenti isə ölkənin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. 

Nazir onu da qeyd edib ki, ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq:

"Proqram Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin hesabına maliyyələşdiriləcək".

Nazirin sözlərinə görə, qisa müddətlik də olsa, Azərbaycan alimlərinin xarici professorlarla tədqiqatlarda iştirak etməsi, proqramlarda iştirakı, elmi diskusiyalar yüksək nəticələrin əldə olmasına öz töhfəsini verəcək:

"Bu prosesin koordinasiya Təhsil Nazirliyinə həvalə olunub və biz də uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik. Proqramın qəbulundan cəmi bir neçə gün ötsə də, artıq ali təhsil müəssisələrindən xeyli müraciətlər daxil olub və onlarda böyük istək müşahidə olunur.

Qeyd edim ki, konkret olaraq biz hər hansı bir şəxsi harasa göndərmirik. Həmin şəxs araşdırma etməli, xaricdə qəbul almalı və daha sonra bizə müraciət etməlidir.

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış 20-dən artıq məzun Təhsil Nazirliyində işə qəbul olunub. Deyə bilərəm ki, bu proqramdan kifayət qədər faydalanmışıq".

Günel Hacı

Foto: Pərvin Zeynal