Dövlət qəzeti “Bakı”nı vurdu

dovlet-qezeti-bakini-vurdu
Oxunma sayı: 673

Başa çatmış qış fasiləsi zamanı komandalar "ilk altılıq"a düşmək üçün səylə çalışır, xarici ölkələrin bahalı mehmanxanalarında təlim-məşq toplanışı keçirir, yoldaşlıq görüşlərində qüvvəsini sınayırdı. Amma işin düzgün qurulmaması, tezliklə nəticə əldə etmək üçün əsas diqqətin transferə yönəldilməməsi səbəbindən fiaskoya uğrayan klublar da var. Bunlardan biri də "Bakı"dır. Komanda qış fasiləsinə yollanarkən heyətini öncə milli komandamızın aparıcı futbolçuları ilə gücləndirdi. Qapıçı Kamran Ağayev və hücumçu Rauf Əliyev komandaya cəlb edildi.

Lakin bu da "Bakı"ya çarə olmadı. Çempionatın təcrübəsiz və əsasən gənc oyunçularından qurulmuş bir komandasına - "Sumqayıt"a bir xal hədiyyə edildi. Bir neçə il əvvəl çempionluğa əsas namizədlərdən biri kimi göstərilən "Bakı" hazırda turnir cədvəlində 20 xalla 10-cu pillədə - autsayderlər qrupunda yer alır.

Klub rəhbərliyi uğursuzluğu hərtərəfli təhlil edib düzgün nəticə çıxartmaq əvəzinə, yeri gəldi-gəlmədi uşaq futboluna göstərdiyi diqqətdən söz açır, Avropanın aparıcı klubları ilə qurduğu əməkdaşlığı qabardır. Artıq hamı çox gözəl bilir ki, bu idman növünün inkişafında uşaq futbolu xüsusi bir yerə malikdir. Amma hər bir qeyri-qənaətbəxş nəticədən sonra bu mövzunu yenidən gündəmə gətirməklə uğursuzluğu ört-basdır etmək normal məntiqə sığmır.

"Bakı"nın prezidenti Hafiz Məmmədov və klubun digər rəhbərləri həmişə mətbuata verdikləri müsahibələrdə komandaya səviyyəli legioner futbolçular qatacaqlarını qeyd edirlər. Hələ ki, futbolsevərlər "şan-şöhrətli" oyunçuların "Bakı"ya gətirildiyinin şahidi olmayıblar. Hər mövsüm külli miqdarda pul xərcləyib ortabab legionerlər transfer etməklə əslində azarkeşləri aldadırlar. "Bakı"nın legioner futbolçularının komandanın yüksəlişinə indiyədək hansısa töhfə verdiklərini söyləmək çətindir.

Xatırlayırsınızsa, "Bakı" cari mövsümdə UEFA Avropa Liqasının birinci turunda Sloveniyanın "Mura" kimi problemlər içində çapalayan bir komandasına məğlub oldu. Bakıda oynamaq üçün forma tapa bilməyən, əlacsız qalıb komandamızın ehtiyat forması ilə meydançaya çıxan sloven klubunun təsmilçimizi məğlub etməsi "Bakı" rəhbərliyinin yeritdiyi "siyasət" barədə əyani təsəvvür yaradır. Bütün bunlar isə nəticə etibarilə klubu azarkeşlərin gözündən salır, komandanın gələcəyinə bədbin baxmağa sövq edir. /Azərbaycan qəzeti/