Dövlət qəzeti Ziya Məmmədovu “vurdu”

dovlet-qezeti-ziya-memmedovu-vurdu
Oxunma sayı: 642

“Azərbaycan” qəzetinin bugünkü sayında “İctimai nəqliyyatın ictimai dərdləri” başlıqlı yazı dərc olunub. Yazıda Bakının nəqliyyat problemi tənqid olunub. “Qafqazinfo” həmin yazını təqdim edir:
Birbaşa mətləbə keçək - bu gün ictimai nəqliyyatdan istifadə edən paytaxt sakinləri çox əziyyət çəkirlər: tıxaclardan, marşrutların işinin yarıtmaz təşkil olunmasından və nəticədə avtobusların salonlarında sıxlıq yaranmasından, eləcə də sadalamadığımız digər səbəblərdən. Səhərlər işə vaxtında çatmağa can atan, axşamlar evə tələsən, xeyrə-şərə getmək istəyən insanlar bu və ya digər dərəcədə stress keçirir, narahat olur, həyəcanlanır, hövsələdən çıxırlar! Bəzən isə bütün bunlar sərnişinlərin bir-biri ilə, eləcə də sürücü ilə az qala əməlli-başlı savaşmasına səbəb olur.

...İctimai nəqliyyatın yazılmış və yazılmamış qayda-qanunlarını pozaraq ön qapıdan (arxadan mümkün deyildi) özümü birtəhər içəri sala bildim. Avtobusun qapısı ağzındakı pillədə dayandığımı və əgər Allah eləməmiş, maşın balaca bir çalaya düşsə (onlar isə bizim yollarda saysız-hesabsızdır) üzüqoylu, yaxud arxası üstə asfalta səriləcəyimi düşünüb yalvarmağa başladım:

- Ay qardaş, sən Allah bir addım yuxarı qalx, "podnojka"da dayanmışam.
"Qardaşlar" isə kobud səslə:
- Haraya qalxım? - deyib yerlərindən də tərpənmədilər. Əslində həqiqətən də tərpənməyə yer yox idi.

Marşrut avtobuslarında bu cür çox olaylar artıq adi haldır. Məsələn, dayanacaqda düşmək istəyirsən, görürsən ki, 2-3 nəfər gənc, yaxud yeniyetmə oğlan avtobusun qapısının qırağına pərçimlənib. Guya sənə yol verir. Deyirsən ki, ay bala, yarım dəqiqəliyinə yerə en, biz düşək, sonra minərsən! Heç bir reaksiya vermir. Hövsələni saxlaya bilməyib ciddiləşirsən:

- Ay oğlan, səndən necə əsgər olacaq? Bir addım düşə bilmirsən?

Yeniyetmənin, yaxud gəncin cavabını eşitməmək üçün qulağını yumsan yaxşıdır... Bəzən də düşmək istəyən sərnişin kişi qabaqdakı qadından xahiş edir ki, bir az çəkilsin, yoxsa avtobusdan çıxmaq mümkün deyil. Bu dəfə də geyim-keçimli, üzdən çox mədəni görünən xanımın ağzı açılır, nə açılır! Elə sözlər deyir ki, onun xarici ilə daxilini müqayisə edə bilmirsən...

Əlbəttə, bu yazı ədəb-ərkan qaydaları haqqında deyil. Amma ictimai nəqliyyatın işində olan çatışmazlıqlar və nöqsanlar o yerə gətirib ki, bəzilərinin mənəviyyatındakı qüsurlar beləcə üzə çıxır. İnsafən ahıla, əlilə, uşaqlı qadınlara yer verməyə, onların əlindəki yükü saxlamağa can atanlar da az olmur. Amma nə fayda ki, avtobusda "iynə atsan yerə düşməz"lik şəraitində (danışıq dilində buna "bashabas" deyirlər) nə qalxıb kiməsə yer verə bilirsən, nə də təklif olunan yerə keçmək mümkün olur. Əlbəttə ki, marşrutlar qaydasında, ahəngdar işləsə, belə hadisələr də baş verməz!

Bu sətirlərin müəllifi sözügedən olaylarla Biləcəri qəsəbəsindən "Memar Əcəmi" metrostansiyasına gələn 92 nömrəli avtobusda demək olar hər gün qarşılaşır. Həmin marşruta rahat minib, mənzil başına vaxtında çatmaq tək-tək hallarda mümkündür. Xüsusən səhərlər və axşamlar "pik" deyilən saatlardan danışmağa dəyməz! Hətta istirahət və bayram günlərində belə, vəziyyət dəyişmir. Adamlar 20-30 dəqiqəlik yolu qət etmək üçün evdən ikiqat-üçqat vaxt ehtiyatı ilə çıxırlar. Yəni 9-da işə və ya dərsə çatmaqdan ötrü saat 6-da, geci 6.30-da dayanacaqda olmalısan. Qalan saatlarda "92"yə (və yəqin ki, əksər marşrutlara) minmək qeyri-mümkündür. Gərək 5-10 avtobus buraxasan. Sonra da işə nə az-nə çox - 1 saat, 1 saat 30 dəqiqə gecikəsən!

"92"nin "sahibləri" mübahisə edə bilərlər ki, həmin marşrut ahəngdar işləyir. Doğrudur, amma tələbatı ödəmir! Biləcəri böyük və şəhərin mərkəzinə yaxın qəsəbədir, burada həm də əhali sıxlığı var. Son bir neçə ildə sakinlərin sayı dəfələrlə çoxalıb. Vaxtilə burada torpaqların qiymətinin nisbətən aşağı olması və bu səbəbdən çoxlu fərdi evlərin tikilməsi sayəsində qəsəbəyə insan axını artıb. Həm də kirayədə qalanlar saysız-hesabsızdır. Çünki kirayə haqqı şəhərin bir sıra yerlərində olduğundan ucuzdur. Marşrutların, avtobusların sayı, eləcə də onların tutumu isə bunun müqabilində xeyli azdır. Təsəvvür edin ki, qəsəbənin minlərlə sakini olan "o tay"ına (Biləcəri enişindən və qədim tuneldən sonrakı hissəni belə adlandırırlar) cəmi 3 marşrut, belə demək mümkünsə, xidmət edir. Elə səhər-səhər alaqaranlıqda, göz-gözü görməyən vaxt dayanacaqlarda avtobus gözləyən sərnişinlərin sayının çoxluğu bu xidmətin hansı səviyyədə olduğundan xəbər verir.

İndi paytaxtda ictimai nəqliyyatın işini tənzimləmək üçün bir sıra tədbirlər görülür. Əgər bunu tədbir adlandırmaq olarsa. Çünki bu "tədbir" adı ilə guya alternativ, bir-birini təkrarlayan marşrutlar yığışdırılır. Əvvəla, şəhərin bir nöqtəsindən digər nöqtəsinə qədər keçdikləri ərazi boyu bir-birini təkrarlayan maşrutlar olmur. Onların yolunun yalnız bir hissəsi eyni ola bilər. Odur ki, marşrutların bağlanması ictimai nəqliyyatdan istifadə edən şəhər sakinlərini əlavə çətinliyə salıb. Əlbəttə, biz nəqliyyatçı deyilik! (Təbii ki, nəqliyyatçılar da "avtobus sərnişini" deyillər). Amma bu halda da aydın görürük ki, Nəqliyyat Nazirliyinin müvafiq qurumunun son tədbirinin - "ixtisar" əməliyyatının müsbət nəticəsi yoxdur. Əksinə, ictimai nəqliyyatdakı gərginliyi bir az da artırıb. Deməli, "yeniliyə" tam hazırlıq görülməmiş tələsik qərar qəbul edilib!

Götürək elə 43 nömrəli marşrutda işləyən avtobusların sayının azaldılmasını. Onun ki, nə alternativi var, nə də yolunu təkrarlayan. Rəsulzadə qəsəbəsinin bir hissəsinin əhalisinə xidmət edən yeganə marşrutdur. Saatda bir avtobus gələrmi?!

Bu yaxınlarda isə yolumuz Binəyə düşmüşdü. Qəsəbədəki "Səma" şadlıq sarayına toya dəvət olunmuşduq. Axşam saat 11-ə hələ 25 dəqiqə qalmışdı. Ayağa qalxdıq ki, bir qədər tez çıxaq, yol uzaqdır, taksi baha başa gələcək. Küçənin o biri tərəfinə keçib 160 nömrəli avtobusu gözlədik. Avtomobilinin damına "Taksi" lövhəsi keçirmiş cavan oğlan dedi ki, gözləməyin, "160" bu vaxtdan sonra gələn deyil. Güman etdik ki, sürücü özünə sərnişin axtarır.

- Axı, yaxşı marşrutdur, - dedik.

Oğlan cavab verdi:

- Yaxşı da olsa budur, pis də! O bir də səhər olacaq!

Bakının istənilən mikrorayonunda, massivində, qəsəbəsində yaşayan insanları dindirsən, nəqliyyatın işi barədə bundan da betər məlumatlar verərlər. Məsələn, "Azərbaycan" nəşriyyatının qarşısından keçən 5, 96, 39 nömrəli marşrutların sürücüləri Şərifzadə küçəsinə qalxdıqdan sonra avtobusu elə qovurlar ki, bu an yaxınlıqda nə varsa hamısını yarıb keçəcəklərini güman edirsən. Sərnişinlər sürücüyə xatırladır ki, ona insanların taleyi etibar olunub, bu cür maşın sürmək olmaz, qəza törədə bilər! Sürücü isə cavabında: "Mən tələsirəm, çünki plan verirəm! Marşrutun yiyəsi var, onun pulunu ödəməliyəm, uşağıma çörəkpulu qazanmalıyam, başa düşürsünüz?"

Yox, başa düşmürük! Amma sürücünü yox, ictimai nəqliyyata cavabdeh olan qurumun rəhbərliyini! Marşrut niyə ayrı-ayrı şəxslərə satılmalıdır, hansısa sahibkarın şəxsi "mülkiyyət"i olmalıdır? Niyə sürücünün əməkhaqqı olmamalıdır və o, həmişə sərnişinlərin həyatını təhlükəyə qoyaraq plan qovmalıdır? İndiyəcən baş verən qəzaların, həlak olan sərnişinlərin sayı ciddi tədbirlər (daha marşrutları bağlamaq yox!) görmək üçün azdırmı?

Doğrusu, bunları yazmaq fikrində deyildim. Amma bu qeydləri qələmə almazdan bir neçə gün əvvəl başıma gələnlər bütün ürəyimi boşaltmağa bir daha vadar etdi. "92" məni "Əcəmi" metrostansiyasının yanından Biləcəri qəsəbəsindəki "Ağ dükan"ın qarşısına... 3 saat 45 dəqiqəyə çatdırdı. Yollarda artıq adət etməyə başladığımız tıxac yaranmışdı. Həmin gün səhər-səhər də şəhər nəqliyyatı mənə eyni ovqatı bəxş etmişdi. Binəqədi qəsəbəsindən "Gənclik" metrostansiyasına hərəkət edən 133 nömrəli avtobusa Biləcəridən gələn yolun qurtaracağında - "Banuçiçək" şadlıq sarayının yanında minmişdim. Yox, minməmişdim, birtəhər soxulmuşdum. Tıxaclı yollarda güc-bəla ilə "iməkləyən" avtobus Nəsimi bazarının yanına xeyli vaxta çatdı. Burada isə 6 nömrəli avtobusa keçdim. O da həmin şəraitdə, həmin "sürət"lə irəlilədi. Yollarını dəyişə-dəyişə birtəhər "Park Hyatt" hotelinin yanına qədər süründü. Qısa yolu beləcə nə az, nə çox - 1 saat 50 dəqiqəyə gəlib çıxdım və beləliklə, çox vacib tədbirə xeyli gecikdim. Amma xoşbəxtlikdən gecikən tək mən deyildim. Çünki tədbir iştirakçıları arasında ictimai nəqliyyatdan istifadə edənlər çox idi...

Bütün bunları yaşadıqdan sonra öz-özünə sual verməli olursan: görəsən nəqliyyatı intellektual idarəetmə sistemi nə zaman işə düşəcək?

Bəlkə də işə salınıb, amma bizim xəbərimiz yoxdur?!

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!