Dövlət Sosial Müdafiə Fondunda I yarımilin yekunları müzakirə edilib

dovlet-sosial-mudafie-fondunda-i-yarimilin-yekunlari-muzakire-edilib
Oxunma sayı: 641

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, iclası giriş sözü ilə açan DSMF sədri Səlim Müslümov vurğulayıb ki, ilin birinci yarısında ölkə vətəndaşlarının yaşayış səviyyəsi yüksəlib, ölkəmiz öz iqtisadi inkişaf tempinə görə öncül mövqeyini qoruyub saxlayıb, pensiyaçıların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilib: “Cari ilin ilk 6 ayında sığorta-pensiya sisteminin davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri uğurla davam etdirilib. İlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1272,45 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 343,0 mln. manat və ya 36,9 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 85,1 mln. manat artaraq 646,7 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,5 faizi və ya 385,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 15,4 faiz və ya 51,3 mln. manat artıb, proqnoz isə 106,7 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 9,5 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 4,4 faiz artıb”.

Fond sədri nəzərə çatdırıb ki, 2012-ci ilin I yarısında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 261,7 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,8 faiz və ya 33,8 mln. manat artıb, proqnoz 92,6 faiz icra olunub: “Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,8% icra olunub və bu, pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib”.
2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 1198,7 mln. manat olduğunu deyən S. Müslümov əlavə edib ki, hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1177,6 mln. manat vəsait yönəldilib: “Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 290,8 mln. manat və ya 32,8 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 33,6 faiz və ya 289,5 mln. manat artaraq 1150,5 mln. manat təşkil edib. Prezidentin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunu . Bu artım əvvəlki illərdən həyata keçirilən artımlardan fərqi olaraq böyük kontingenti əhatə edib. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artıb, onların da pensiyasının sığorta hissəsi yaradılıb və hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir”.
S. Müslümov qeyd edib ki, cari ilin ilk yarısında əhaliyə 27,0 mln. manat məbləğində müavinət ödənilib. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 21,1 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,2 mln. manat və ya 0,8 faiz azdır.

DSMF sədri vurğulayıb ki, bu ilin arxada qalan dövrü ərzində pensiya və müavinət təyinatının avtomatlaşdırılması istiqamətində tədbirlər daha da intensivləşdirilib, bu tədbirlərin mühüm həlqələrindən biri kimi əhaliyə göstərilən elektron xidmətlərin sayı əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda Fond tərəfindən əhaliyə 20-yə yaxın interaktiv və informativ elektron xidmətlər təqdim olunur. Bir sözlə Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb. İlin birinci yarısında həyata keçirilən mühüm tədbirlərdən biri də pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər olub.

Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər.
İclasda Fondun yerli orqanlarının 2012-ci ilin ilk yarısındakı fəaliyyəti ətraflı təhlil edilib və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib. Məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Nigar Məmmədli