DSX əməliyyat keçirdi - Saxlanılanlar var + Fotolar

dsx-emeliyyat-kecirdi
Oxunma sayı: 2041

Martın 20-də Astara rayonu istiqa­mətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd sularına daxil olması müəyyən edilib.

“Qafqazinfo” Dövlət Sərhəd Xidmətinə istinadən  xəbər verir ki, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqa­mətdə dövlət sərhədinin müha­fi­zə­sində olan sər­həd gözətçi gəmisinə müvafiq tapşı­rıqlar veril­ib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöq­tələrdə xidmət təşkil olunub.

Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilib, üzmə vasitəsi geriyə istiqamətlənərək Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsini tərk edib. Həmin üzmə rayonunda sərhəd gözətçi gəmisi tərəfindən Azərbaycan Respubli­kasına məx­sus “Yamaha-75” mühərrikli “ŞA-293” bort nömrəli qayıq müşahidə edilib və saxlanılıb. Üzmə vasitəsinin heyət üzvlərinin Astara rayon Şahağacı kənd sakinləri Quliyev Əliağa Rauf oğlu və Quliyev Seymur Mir­zəhəsən oğlunun sərhəd sularında üzmə qaydalarını poz­maları müəyyən olun­ub.

Həmin ərazidə sərhəd gözətçi gəmisi tərə­findən keçirilmiş axtarış tədbirləri nəticəsində 1 buya bərkidilmiş 3 bağ­lama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar olunub. Saxlanılmış üzmə vasitəsinin heyət üzvlərinin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsində iştirakları müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.