DTX-nın tutduğu “jurnalistlər”in işində “ailə sirri”...

dtx-nin-tutdugu-jurnalistlerin-isinde-aile-sirri
Oxunma sayı: 6575

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal"  qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.  

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə müdafiə tərəfi vəsatət verərək cinayət işində ailə sirri olduğu və vəzifəli şəxslərin adı keçdiyi üçün məhkəmənin qapalı keçirilməsini istəyiblər. 

Məhkəmə kollegiyası vəsatəti qismən təmin edib və bildirilib ki, ailə sirri olan epizodlar müzakirə edilərkən həmin iclas qapalı keçiriləcək. 

Cinayət işi məhkəmə baxışına qəbul edilib və prokuror çıxış edərək ittiham aktını elan edib. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, adıçəkilən şəxslər qadınları əvvəlcədən müəyyən edilmiş şəxslərlə görüşdürərək bu anı gizli videolentə alıblar. Sonra isə həmin materiallardan şantaj məqdəsi ilə istifadə edərək şəxslərdən külli miqdarda pul alıblar. Fakt üzrə başlanan cinayət işinə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində həbs-qətimkan tədbiri seçilib. 

S.Məmmədsalayeva bu cinayət işindən öncə hədə-qorxu ilə tələb etmədə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. 

***

S. Əliyev 47, H. Nəcəflinin 46 epizodda ittiham edildiyi açıqlanıb. 

S. Əliyev epizodu üzrə 66 min manat, H. Nəcəfli epizdou üzrə 78 min manat, İ. Qasımova 7300 manat, M. Abbasov 7500 manat, S. Məmmədsalayeva 20 min manat,  G. Əliyevanın epizodu üzrə 3900 manat ziyan dəydiyi bildirilib. 

S. Əliyev, M. Abbasov özünü təqsirli bilmədiyini deyib, H.Nəcəfli, S. Məmmədsalayeva, İ. Abbasova qismən təqsirli bildiyi deyiblər. 

S.Əliyeva, H. Nəcəfli, M. Abbasova,  İ. Qasımova, G. Əliyeva danışmaqdan imtina edərək hazırkı mərhələdə ifadə vermək istəmədiklərini deyiblər və zərərçəkənlər ifadə verdikdən sonra danışacaqlarını bildiriblər. 

S.Məmmədsalayeva isə səhhətinə görə bu gün ifadə verə bilməyəcəyini deyib.

Proses yanvarın 30-da davam etdiriləcək.

Murad Əhməd