İki gündür internetə girə bilmirlər... - Məşhur şirkətdə nə baş verir?

iki-gundur-internete-gire-bilmirler
Oxunma sayı: 701

Ölkənin simsiz internet xidməti göstərən ən böyük operatoru olan  “Sazz”da  böyük problem yaşanır. Bu barədə “Qafqazinfo” ya abunəçilər məlumat verib.

Onlar qeyd edir ki, iki gündür ki, şəbəkənin internetindən istifadə etmək mümkün deyil. Problemlə bağlı şirkətin ofislərinə müraciət edən abunəçilərə isə bildirilib ki, cərəyana qoşulu vəziyyətdə olan bütün abunəçilərin modemləri yanıb:

“Bunun hansı səbəbdən baş verdiyini isə müəyyənləşdirə bilmirlər. Deyirlər ki, hacker hücumu nəticəsində bu baş verə bilər. Yeni modemlər abunəçilər tərəfindən alınmalıdır.  Məsələnin nə vaxt həll olunacağı barədə məlumat vermirlər. Hamının yeni modem almağa imkanı yoxdur. Şirkət tərəfindən bu problem yaranıbsa, onlar da məsələni həll etməlidirlər”. 

 “Qafqazinfo” məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Operator problemin olduğunu təsdiqləyib və bildirib ki, abunəçilərin müəyyən hissəsinin internetində problemlər var:

“Bununla texniki mütəxəssislərimiz tərəfindən müvafiq işlər görülür. Abunəçilərimizə də yaranan narahatlıqla bağlı öz sosial səhifəmizdən və saytımızdan məlumat verəcəyik. Hələ ki, məsələnin nə vaxt həll olunub bitəcəyi barədə məlumatlı deyilik”. 

 Günel Türksoy