Dünya Azərbaycanlıları bu gün toplaşır

dunya-azerbaycanlilari-bu-gun-toplasir
Oxunma sayı: 654

Tədbirdə iştirak edəcək qonaqlar artıq paytaxtdadırlar. Dünyanın 42 ölkəsindən 580 nümayəndə, 210 qonaq, eləcə də çoxlu sayda xarici siyasətçi, rəsmi şəxs, deputatlar, alimlər və ictimai xadimlər dünya azərbaycanlıların 3-cü qurultayını keçirmək üçün Heydər Əliyev sarayına toplaşacaq.

Prezident İlham Əliyevin tədbirə qatılması, qurultayın siyasi əhəmiyyətini artırmaqla yanaşı, həm də ötən dövr ərzində görülən işlərə hesabat xarakteri vermiş olacaq.

Xatırladaq ki, dünya azərbaycanlılarının I qurultayı Prezident Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. İkinci qurultay isə artıq İlham Əliyevin prezidentliyi dövrünə, 2006-cı ilə təsadüf edib. Sonuncu qurultaydan bəri dünya azərbaycanlılarının fəaliyyəti də məhz ümumilli məsələ olan, Dağlıq Qarabağ münaqişəsi ətrafında birləşməyə hesablanıb.

Belarusdakı Azərbaycan diasporasının rəhbəri Natiq Bağırovun sözlərinə görə, Belarusda rəsmi və qeyri-rəsmi dairələrdə Azərbaycanın əsas problemi barədə hər il işlər görürlər. O bildirib ki, bundan başqa Azərbaycan dilinin tədrisi üçün bazar günü məktləbəri açılıb: “Pedoqoji Universitetdə də Azərbaycan dili ixtisası açılacaq”.

DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, DAK İsveç, Avstraliya, Amerika parlamentlərində görüşlər keçirib: “Lakin, hazırda diasporlarda dağınıqlıq var. Təşkilatlanma daha da qalxmalıdır”.

Ötən qurultaydan bu yana ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilib ki, bununla da onların ümumi sayı hazırda 450-yə yaxındır.