“Dünya miqyasında 2-ci belə bir ölkələr tapılmaz ki...”

dunya-miqyasinda-2-ci-bele-bir-olkeler-tapilmaz-ki
Oxunma sayı: 1875

Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Əziz qardaşım. Hörmətli cənab Prezident. Hörmətli xanımlar və cənablar. İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram.

Sizin qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mənim ilk səfərim qardaş ölkəyə edilən səfərdir. Bu təbiidir. Sizin də qeyd etdiyiniz kimi, bu bir ənənədir və bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir. Məni prezident seçkilərində qazandığım qələbə münasibətilə ilk təbrik edən lider əziz qardaşım olub. Bir həftə bundan əvvəl Bakıda andiçmə mərasimi keçirildi, iki gün bundan öncə hökumətin formalaşması başa çatdı və dünən mən artıq Ankarada idim və biz əziz qardaşımla görüşlərə başladıq, bu gün də davam etdik".

İlham Əliyevin sözlərinə görə, bugünkü mərasim, dünən və bu gün aparılan müzakirələr bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı, dostluğu möhkəmdir və çox böyük gələcəyi var:

"İlk növbədə, əziz qardaşımı və bütün Türkiyə xalqını əldə edilmiş uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Biz, Azərbaycanda Türkiyəni sevən insanlar, Türkiyədəki inkişafı çox böyük sevinclə qarşılayırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdən sevindirir".

Azərbaycan Prezidenti vurğulayıb ki, Türkiyə bu gün dünya miqyasında bir gücdür və bu güc getdikcə daha da böyüyür, dostlar sevinir, istəməyənlərin əhvalı pozulur:

"Əminəm ki, bundan sonra da Türkiyə yalnız və yalnız qələbələr və uğurlar istiqamətində gedəcəkdir. Fürsətdən istifadə edərək əziz qardaşımı seçkilərdən sonra ilk səfərini Azərbaycana gəlmək şərtilə dəvət edirəm ki, bu ənənə bundan sonra da yaşasın.

Biz bütün məsələlərdə bir yerdəyik. Qeyd etdiyim kimi, dünya miqyasında ikinci belə bir ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm köklər baxımından, mədəniyyət, tarix baxımından, həm də ortaq maraqlar və ortaq çıxarlar baxımından biz daim bir yerdəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər bizə ikinci dəstək verən ölkə olmamışdır. Hər zaman Türkiyə bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək, həmrəylik bizə əlavə güc verir".