“...Dünyada vəziyyət dəyişir” - İlham Əliyev

dunyada-veziyyet-deyisir
Oxunma sayı: 5412

Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib.

"Qafqazinfo" xəbər verir ki,  İlham Əliyev bildirib ki, məqsədimiz vətəndaşların həyatını daha da yaxşılaşdırmaq, dövlətin daha güclü və uğurlu olması üçün çalışmaqdır. Buna görə də bizim iqtisadi sahədə apardığımız və indiyə qədər həyata keçirilən bütün islahatlar çox ciddi sosial siyasətlə tənzimlənir.

Prezident İlham Əliyev qeyd edib ki, bu islahatlar o vaxt səmərəli olur ki, ictimaiyyət onu dəstəkləyir. Buna görə də iş yerlərinin, işləyənlər üçün layiqli iş şəraitinin yaradılması hər zaman bizim siyasətimizin gündəliyində durur.

Dövlət başçısı onu da vurğulayıb ki, ölkəmizdə çox müsbət demoqrafik dinamika nəzərə alınmaqla yeni iş yerlərinin yaradılması istiqamətində səmərəli iş aparılır: "Azərbaycanda son 15 ildə əhalinin sayı 1 milyon yarım artıb və bu artım meyili hələ də davam edir. Bu da öz növbəsində inkişaf etməkdə olan iqtisadiyyatın göstəricisidir. Son 15 il ərzində bizim iqtisadiyyatımız, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hazırda Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə görə, Azərbaycan rəqabətqabiliyyətlilik cəhətdən dünyada 35-ci, inkişaf etməkdə olan ölkələr arasında isə, - orada 80-dək inkişaf etməkdə olan ölkə var, - 3-cü yerdədir. Bu, bizim ölkəmizin potensialını nümayiş etdirir.

Biz əldə olunan nailiyyətlərlə kifayətlənə bilmərik. Çünki dünyada vəziyyət dəyişir. Qeyri-sabitlik, müharibələr, münaqişələr, qaçqınlar, miqrasiya - bunlar insanlar üçün və bütün bəşəriyyət üçün böyük bəlalardır. Azərbaycan bu problemlə iyirmi ildən artıqdır - Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığı dövrdə üzləşib. Bu işğal nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrildi. Bu kateqoriyadan olan insanlar arasında yoxsulluq, işsizlik səviyyəsi çox yüksək idi. Biz bunu xeyli azalda bildik. Onları layiqli işlə, mənzillərlə təmin etdik. 265 min nəfər dövlət hesabına mənzillə təmin olundu. Bu proses indi də davam edir".