“Dünyanın ən təhlükəli əyləncəsi türk olmaqdır”

dunyanin-en-tehlukeli-eylencesi-turk-olmaqdir
Oxunma sayı: 811

Dünyanın ən təhlükəli əyləncəsi türk olmaqdır.

Burada həyatın özü belə bilavasitə güzərana təəccüblənir.

Altmış milyonluq bir “bungee-jumping”dir həyat.

Milyonlarca insan hansısa bir beton zəmininə yıxıla bilərik.

Sözümüzü deyəndə, hamı üçün naməlum olan bir qüvvə, sallandığımız təkər zəncirini çəkər və biz yuxarıya doğru dartılarıq.

Padşahımızın ismətini ləkələyər, baş nazirimizi asar, baş qərargah rəisimizi həbs edər, gənclərimizi edam koloniyalarına göndərər, sonra da ən gözəl eşq şeirlərini yazarıq.

Həmişə axmaqlığımızdan gileylənər, sonra da dünyanın ən ağıllısı sayılan İMF-i düz on yeddi dəfə fırladarıq.

Pullarının bizim əlimizə necə keçdiyini heç başa da düşməzlər.
Axmaqlıqdan darıxanda zəkamızla öyünər və min ildir hər yay mövsümündə damlarda yatar və oradan yıxılıb ölərik. Dünyada yağış yağanda ölkənin ən gəlimli-gedimli məhəlləsində boğulan yeganə insan türkdür.

Yer üzündə özünə qanad düzəldib uçan ilk insan da türkdür, amma...
Əvvəlcə dövləti qutsal elan edib, sonra da soyarıq.
“Kəndli əfəndimizdir”, – deyib, kəndliləri döyərik.
Dünyada heç bir dövlətin tanımadığı bir dövlət qurmaq nailiyyətini qazanalar da türklərdir.

“Yurdda sülh, cahanda sülh” – deyərək bütün qonşularıyla düşmən olan da bizik. “Milli qürur”u bu qədər dəyərli, “milli pul”u bu qədər dəyərsiz başqa bir ölkə tapmaq çox çətindir.

Həmişə bir-birinə kələk gələnlər türklərdir.
Dəhşətli zəlzələ olanda uşaqlı-köşəkli, varlı-kasıb sözü bir yerə qoyub köməyə qaçan, evindəki iki adyaldan birini zəlzələdən əziyyət çəkənlərə verən kəslər də türklərdir.

Qırx səkkiz il ərzində dünya futbol çempionatının qapısından belə keçmədiyi halda, ilk qatıldığı çempionatda dünya üçüncüsü olmağı ancaq türklər bacarır.

“Qədim idmanımız” sayılan güləşdə ən mümkünsüz ölkələrə məğlub olan, güləşdə qəti bacarığı olmayan Amerika güləşçiləri ilə güləşərkən qolunu-qıçını qıranlar da türklərdir.

Hər mövzuda danışmaqdan ötrü ürəyimiz gedir, amma heç bir fikrə inanmırıq.

Bir dənə də filosofumuz yoxdur, amma mahiyyətinin nə olduğunu heç kəsin bilmədiyi bir həyat fəlsəfəmiz vardır.

Dünyanın ən məşhur sui-qəsdçisi, papanı vuran da türkdür.
Papanı min dəfələrlə insanların arasında vurub, balqabaq vəziyyətinə düşən ən axmaq sui-qəsdçisi də türkdür.

Qatillərin “milli qəhrəman”, şairlərin “vətən xaini” olduğu tək ölkə Türkiyədir.
Müsəlman olanlardan həmişə şübhələnər, müsəlman olmayan vətədaşlarımıza da dövlətdə heç bir vəzifə vermərik.

Bütün hərbi zərbələri alqışlayar və ilk seçimdə zərbəçiləri hirsləndirərik.
Bircə razılaşma ilə demək olar ki, beş milyon k qara torpaq itirib, bu razılaşmanın ən ağıllı yol olduğuna inananlar da türklərdir.
Müharibədə öz gəmisini yeddi saat ərzində bombalayanlar da türklərdir.
Təyyarədə hansısa problem yarananda başqalarına bir zərər gəlməsin deyə, o təyyarəni son ana qədər tərk eləməyib ölənlər də türklərdir.
Əcnəbilərdən həmişə şübhələnib, nə qədər yad təşkilat varsa, hamısına üzv olmağa çalışanlar da türklərdir.

Üzv olmağa çalışdıqları gizli təşkilatların, əslində, Türkiyəni bölmək üçün yaradıldığına da, sadəcə, türklər inanır.

İllərlə Avropa Birliyinə girməyimizə zəmin yaradacaq qayda-qanunlardan heç birini reallaşdırmayıb, bir gecədə başqalarının on ildə qəbul etdirə biləcəyindən daha çox qanun qəbul etdirərik.

Burada həyat ömründə heç vaxt trapez etdirməyən altmış milyon insanın trapez etməsidir.

Bütün dünya təəccüblənər, onlar məhv olmağımızı gözləyərkən biz dözüm göstərərik.

Biz türkük.

Ya oynayar, ya da ağlayarıq.

Dünyanın ən təhlükəli əyləncəsidir türk olmaq.

Və biz bu qorxu ilə əylənirik.

Çevirən: Fərid HÜseyn