Düşənbədə Azərbaycan kinosu həftəsi

dusenbede-azerbaycan-kinosu-heftesi-
Oxunma sayı: 635

Həftənin açılışında Düşənbədə fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, diaspor üzvləri, “Baktriya” BMM-də təhsil alan tələbələr, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlar, Azərbaycan kinosunun tarixi, yeni çəkilən filmlər haqqında məlumat verib.
“Baktriya” BMM-nin rəhbəri Simon Ravelli bildirib ki, Azərbaycan kinosu həftəsinin Tacikistanda keçirilməsi əlamətdar hadisədir və bu kimi tədbirlərin təşkili tələbələrə və digər iştirakçılara Azərbaycanın reallıqları, ədəbiyyatı, mədəniyyəti, incəsənəti haqqında geniş məlumat verilməsinə kömək edir.
Çıxışlardan sonra Bakı haqqında çəkilmiş “Şəhərdə bir gün” adlı qısametrajlı film və məşhur “Arşın mal alan” filmi nümayiş etdirilib.
Xatırladaq ki, Azərbaycan kinosu həftəsi çərçivəsində “Mənim vətənim Azərbaycan”, “Azərbaycan motivləri”, “Bakı sitadelində gəzərkən”, “Qobustan” , “Hər şey yaxşılığa doğru”, “Azərbaycan diplomatiyasının 90-cı ildönümü” və ”Sarı gəlin” filmləri ingilis dilində subtirlərlə nümayiş ediləcək.

AzərTAc