Düşmən kimdir, Azər Həsrət?

dusmen-kimdir-azer-hesret
Oxunma sayı: 753

Mətləbə keçməzdən əvvəl rəhmətlik İsmixan Rəhimovun bir fikrini diqqətinizə çatdırmaq istəyirəm. “İnsan bir qadını sevəndə xoşhal olur, valideynlərini sevəndə sevinir, çünki borcunu verir. Vətənini sevən insan qürurlu olur”.

Forumda çıxışı xoş qarşılanmayan dostum Azər Həsrətin “Diqqət, düşmən dinləyir!” yazısının başlığını görəndə əvvəl gülmək istədim. Amma yazını oxuyanda...

Əvvəlcə, onu qeyd edim ki, dostum Azər Həsrətin Mübariz Əhmədoğlundan iqtibas gətirməsi heç yerində deyildi. Mübariz Əhmədoğlunun başqa nələr dediyini bilmirəm, amma onun İranla bağlı dediklərini mənim 12 yaşlı oğlum da bilir.

İkincisi, dostum Azər Həsrət deyir ki, ordu haqqında dedikləri məni lap dilxor elədi: “Biz demirik ki, Azərbaycanda, elə lap ordumuzda problem yoxdur. Əlbəttə ki, var və bunlar dilə gətirilməlidir. Ancaq elə bir şəkildə ki, səslənən fikirlər düşmən dəyirmanına su tökməsin.”

Dostum Azər Həsrət, ordu haqqında yazanlardan biri də mənəm və kimsə mənə “erməni dəyirmanına su tökürsən” deyə bilməz. Bəlkə sən deyə bilərsən?
Bəli, mən “Səfər Əbiyev imicini dəyişib”, “Ordu Qarabağ problemini həll etməyəcək...”, “Kasıb balalarına yazığın gəlsin, Akif Nağı”, “Ziya Məmmədovun əsgəri”, “Səfər Əbiyevin avqust əməliyyatları” yazılarımda və “Atəşkəs müharibəsinin sirləri” adlı araşdırmamda Azərbaycan ordusunun durumu ilə bağlı kifayət qədər ciddi və çox acı faktları yazmışam.

Dostum Azər Həsrət, sənin yazından iqtibas gətirdiyim o 3 cümləni (“Biz demirik ki, Azərbaycanda, elə lap ordumuzda problem yoxdur. Əlbəttə ki, var və bunlar dilə gətirilməlidir. Ancaq elə bir şəkildə ki, səslənən fikirlər düşmən dəyirmanına su tökməsin.”) yazanda gərək fikirləşəydin. Fikirləşəydin ki, günahkar ordunu bu vəziyyətə gətirənlərdi, yoxsa ordunun real vəziyyətindən danışanlar və yazanlar? Gec deyil, fikirləş.

“Diqqət, düşmən dinləyir!”
Bu, sənin fikirlərindir.
Fikirləş. Düşmən kimdir, Azər Həsrət?

Sonda Akif Nağıya da sualım var: Bu tədbiri nə üçün təşkil etmişdin, Akıf Nağı? Bu cür fikirləri eşitmək üçün? Yoxsa quş qoymaq üçün?