Düşmənin “bomj”u olmur, düşmən elə düşməndir...

dusmenin-bomju-olmur-dusmen-ele-dusmendir
Oxunma sayı: 2120


Yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan vətəndaşının saxlanılması barədə yayılan məlumat son günlərdə cəbhə xəttində yaşanan gərginlik fonunda kulminasiya nöqtəsi oldu.

Bir-birini təkzib edən rəsmi açıqlamalardan daha çox əslində həmin 65 yaşlı erməninin "bomj", "alkaş", "dilənçi" kimi xarakterizə edilməsi narahatlıq doğurmalıdır.

Müdafiə Nazirliyinin təbirincə desək, ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisinin "bomj" görkəmində olması əslində qeyri-adi bir şey deyil. Çünki diqqəti çəkməmək üçün bələdçinin məhz bu görkəmdə olması daha məqsədəuyğundur. Qışın oğlan çağında "üzüm yığmaq" üçün Azərbaycan tərəfə keçmək nə dərəcədə ağlabatandır?

Məgər hələ Sovet dövründə Bakı küçələrində tumsatan, qarmonçalan, dilənənlərin əksəriyyətinin Dövlət Təhlükəsizlik Komitəsinə isti-isti məlumat ötürdüyü məlum deyildimi? (Məhəlləmizdə tumsatan S. xala altdan-altdan "Kazbek" satıb səhərisi "Kazbek" alanların adlarını sahə müvəkkilinə məruzə edirdi)

Bəlkə elə bu bələdçi bu vaxta qədər 50 dəfə Tovuz rayonunun lap içərilərinə soxulub? Axı bu "ürək sahibi" Mamiko cəbhə xəttini keçməyi bacarıb...

Fikrimcə, həmin erməninin sakinlər və ya əsgərlər tərəfindən saxlanılması, əlisilahlı, yaralı olub-olmaması müzakirə mövzusuna çevrilməməlidir. Əsas problem düşmənimizi yaxşı tanımamağımızdan, qiymətləndirməməyimizdən qaynaqlanır. Bizim düşmənə münasibətimiz necə olub? Bu sirr deyil: "erməni kim olube?", "erməni arvadları bizim qucağımızda oturub həmişə", "ermənilər bizdən törəmədir" və s. və i.a. Və çox təəssüflər olsun ki, bu gün də həmin düşüncənin sahibiyik: "bomj", "alkaş", "dilənçi"...

Bəlkə düşünək? Necə olur ki, "arvadları qucağımızda oturan" ermənilərin sayəsində bu gün torpaqlarımızın 20 faizinə həsrət qalmışıq? Bəs biz bir millət olaraq arvadlarımıza sahib çıxıb (bu da ayrı mövzudur!) nə iş görmüşük? Bir erməninin öhdəsindən gələ bilmişik mi? Yox!!! Səbəb çox sadədir: biz düşmənimizə qiymət verməyi bacaran millət deyilik!

Qoca bələdçi, kəşfiyyatçı, "bomj", "dilənçi"nin ağzımızın içinə qədər gəlməsi həyəcan təbili olmalıdır!

Və yaddan çıxartmayaq ki, düşmənin savadlısı, vəzifəlisi, kasıbı, "bomj"u, "dilənçi"si, "alkaş"ı, xüsusi təyinatlısı olmur - düşmən elə düşməndir!