Dustaqlar kompüter kurslarına cəlb olunacaqlar

dustaqlar-komputer-kurslarina-celb-olunacaqlar
Oxunma sayı: 748


“Qafqazinfo” ictnews.az-a istinadən xəbər verir ki, bu şəxslərdən bəzilərinə kompüter təlimləri keçilib.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Ədliyyə Nazirliyi arasında cari ilin martında imzalanmış müvafiq sazişə əsasən, penitensiar müəssisələrdə cəza müddətini başa vurmaq ərəfəsində olan şəxslərin gələcək məşğulluğuna köməklik göstərilməsi məqsədi ilə onlar üçün peşə hazırlığı kursları təşkil olunur.

Penitensiar müəssisələrdəki mövcud peşə məktəblərinin bazasında kompüter kursları ilə bərabər dərzi, dülgər-xarrat peşələri üzrə təşkil olunan kurslara 16 nəfəri qadın olmaqla 198 nəfər şəxs cəlb olunub.

ƏƏSMN-dən qeyd edilib ki, onlardan artıq 96 nəfəri peşə kurslarını uğurla başa vurub. Kursların bitmə vaxtı ilə bu kurslara cəlb olunanların cəzaçəkmə müddətinin başa çatma vaxtı təxminən eyni dövrə təsadüf edir.

Cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra onların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması müvafiq ərazi üzrə məşğulluq orqanları tərəfindən diqqətdə saxlanılır.

Qeyd olunan işlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na əsasən aparılır.

 Proqramda digər tədbirlərlə yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsi də nəzərdə tutulub.