Düşüklüyün hədd-hüdudu yox imiş...

dusukluyun-hedd-hududu-yox-imis
Oxunma sayı: 2712

Seymur Verdizadə

Bugünkü qəhrəmanımızın adı Bahadır. Baha bəyin nə vaxtsa yazımın qəhrəmanına çevriləcəyini heç vaxt ağlıma gətirməmişəm. Nahaq deməyiblər ki, ağla gəlməyən başa gələr...

Bahanın adını ilk dəfə 10 gün əvvəl dostum Çingiz Bayramovun dilindən eşitmişəm: “Baha bəyi qarşılamaq üçün axşam aeroporta gedəcəyəm”.

Çingiz bəyin Türkiyənin hansısa nüfuzlu dövlət adamı ilə dostluq etdiyini düşünüb, əməlli-başlı fərəhlənmişdim. Amma sevincimin ömrü uzun olmadı. Dostum dedi ki, qonağı Türkiyədə populyar olan şou proqramlarından birinin qəhrəmanıdır.

Dərhal “Əhməd haradadır?” filmindəki məşhur epizodu xatırladım: “Artistdir?”

Tələbə dostumun verdiyi izahatdan məlum oldu ki, onun qonağının həqiqi sənətlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur: “Baha Zuhal Topalın müəllifi olduğu evlilik verilişinin əsas qəhrəmanlarından biridir. Naz adlı azərbaycanlı qızla evlənmək istədiyi üçün qısa müddət ərzində məşhurlaşdı. Küçədə gedəndə insanlar boynundan sallanırlar”.

Qeyri-ixtiyari olaraq, bir neçə il əvvəl haqq dünyasına qovuşan əziz müəllimin Əkrəm Pamukçunu xatırladım: “Gorun çartalsın, hocam!”

Rəhmətlik Əkrəm müəllim həmişə deyirdi ki, Türkiyədə pul qazanmaq üçün ya topçu olmalısan, ya da popçu. O vaxt evlilik verilişləri yox idi. Buna görə də zavallı müəllimimin ağlına gəlməzdi ki, bir qız üçün efirdə göz yaşı axıtmaqla da var-dövlət, şan-şöhrət sahibi olmaq mümkündür...

Dərhal nəzərinizə çatdırım ki, dostum Çingizin əziz-xələf qonağı olan Bahanın iştirak etdiyi həmin verilişin fəaliyyəti bir müddət əvvəl dayandırılıb. Özlərinə ər tapmaq məqsədilə verilişə təşrif buyuran qızların bir neçəsi fahişəlik etdiyi üçün türk polisi tərəfindən saxlanılıb. Adı azərbaycanlı tamaşaçılara yaxşı tanış olan Zuhal Topal müəllifi olduğu verilişi məhkəməyə verib. Vicdanlı adam olduğuna zərrə qədər də şübhə etmədiyim Baha bəy ən azı yüz dəfə etiraf edib ki, o verilişdə bütün süjetlər yalan üzərində qurulurdu. Üç gün əvvəl çay süfrəsi arxasında söhbət edəndə Baha dedi: “Aparıcıdan tutmuş iştirakçılara qədər hamı tamaşaçıları aldatmaqla məşğul idi”.

Günün sualı budur: tamaşaçılar yalan üzərində qurulan bu cür səviyyəsiz verilişləri niyə izləyirlər? Doğrudanmı, biz bu qədər sövqsüz millətik?..

Bu iradım təkcə Anadoluda yaşayan qardaş və bacılarımıza ünvanlanmayıb. Bahaya Bakıda Ankaradakından daha çox diqqət göstərirlər. Eşitdiyimə görə, Fəvvarələr Meydanında gəzəndə, küçədən keçən doqquz nəfərin ən azı səkkizi ona baxırmış. Baha bəylə şəkil çəkdirən, ona ziyafət vermək istəyən insanların sayı-hesabı yoxdur. Üstəlik, bu adamların çoxu müəllim, həkim, mühəndis, ziyalı təbəqəsinə daxil olan digər peşə sahibləridir. Dünən eşitdim ki, ayda cəmi 200 manat maaş alan bir müəllimə Bahaya və dostlarına 100 manatlıq qonaqlıq verib.

Əgər Baha Orxan Pamuk kimi ölməz əsərlər yazıb, türk xalqına Nobel mükafatı bəxş etsəydi, mən ona 100 deyil, 1000 manatlıq qonaqlıq verərdim. Əgər Baha Əziz Sancar kimi kimya elmində vacib bir yeniliyə imza atsaydı, mən onun qarşısında baş əyərdim. Əgər Baha türklərin əzəli və əbədi rəqibi olan yunanların qapısına Arda kimi qol vursaydı, mən onu ayaq üstə alqışlardım. Di gəl ki, qəhrəmanımızın bioqrafiyasında bu cür parlaq ştrixlər yoxdur. Bizim Baha Allahın bəxş etdiyi ömrün 18 ayını hansısa səfil qızın arxasınca studiyada göz yaşı axıtmaqla keçirib. Bəs, bizə nə olub ki, onun boynuna sarılır, şərəfinə qonaqlıq veririk? Yəni, biz bu qədər düşüyük?..

Baha alicənab insandır, iştirak etdiyi verilişin yalan üzərində qurulduğunu cəsarətlə dilə gətirir. Buna görə də mən ona hörmət edirəm. Amma Bahanın heç bir ictimai funksiyası yoxdur. Yəni o, bizim cəmiyyətin kumirinə çevrilə bilməz. Əgər çevrilibsə, deməli, biz də onun tayıyıq.

Aydın məsələdir ki, bu söhbətin Bahaya azarkeşlik etməyən adamlara heç bir aidiyyatı yoxdur...