“Düşünürəm ki, nəticələr çox yaxşı olacaq” - İlham Əliyev

dusunurem-ki-neticeler-cox-yaxsi-olacaq
Oxunma sayı: 1111

Prezident İlham Əliyev dekabrın 13-də Rusiya Xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya xarici işlər nazirini salamlayan prezident İlham Əliyev deyib:

“Hörmətli Sergey Viktoroviç, mən Sizi Azərbaycanda görməyə çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz bizim ikitərəfli əməkdaşlığın vacib məsələlərini müzakirə etmək üçün yaxşı imkandır. Özü də bu səfər Yeni il ərəfəsindədir.

Səfər bizim birgə işimizin 2019-cu il üçün planlarını müəyyənləşdirmək, həm də bu il hansı işlərin görüldüyünü təhlil etmək üçün yaxşı imkandır. Deməliyəm ki, 2018-ci il münasibətlərimizin inkişafı baxımından çox məhsuldar il olub. Yüksək səviyyədə xeyli görüşlər, o cümlədən mənim Rusiyaya sentyabrın əvvəlində rəsmi səfərim və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin sentyabrın sonlarında Azərbaycana səfəri olub. Bu səfərlər çərçivəsində biz qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etmişik, gələcək əməkdaşlıq yollarını müəyyənləşdirmişik. Həm də əminəm ki, uğurla həyata keçiriləcək çoxlu sayda sənəd imzalanıb. Bu, bizim münasibətlərimizə əlavə dinamika verəcək.

Biz beynəlxalq strukturlarda fəal qarşılıqlı fəaliyyət göstəririk. Lap bu yaxınlarda - bir həftə əvvəl MDB-nin Sankt-Peterburqda qeyri-formal sammiti keçirildi. Bu, təşkilatın üzvlərinin fəaliyyətini gücləndirmək üçün çox əlamətdar hadisə idi. Bu il aktiv fəaliyyətə başlayan hökumətlərarası komissiyanın yeni tərkibi formalaşdırılıb. Bu yaxınlarda görüşəcəklər. Həmçinin Rusiya-Azərbaycan İşgüzar Şurasının yeni tərkibi formalaşdırılıb. Yəni, biz ticari-iqtisadi əlaqələrə, investisiya proqramlarına dinamika vermişik. Düşünürəm ki, nəticələr çox yaxşı olacaq.

Əlbəttə, biz bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə edəcəyik. Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək. Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik. Biz bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstəririk. Mən, həmçinin Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı bizim fəaliyyətimizin nəticələrini məmnunluqla qeyd etmək istərdim. Biz bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Müvafiq strukturlar, nəqliyyat qurumları çox məhsuldar işləyirlər. Biz bu il artıq yaxşı nəticələri görürük. Biz digər tərəfdaşlarımızla, qonşularımızla bu layihəni mümkün qədər tez başa çatdırmaq üçün birgə səylərimizi davam etdirəcəyik.

Mətbuat qarşısında qeyd etmək istədiyim son məsələ bizim humanitar əməkdaşlığımız haqqındadır. Bildiyiniz kimi, bu yaxınlarda Rusiya və Azərbaycan prezidentlərinin himayədarlığı ilə Bakıda növbəti Humanitar Forum keçirilib. Prezident Vladimir Putin Forum iştirakçılarına məktub göndərib. Bu Forum humanitar məsələləri müzakirə etmək üçün mühüm beynəlxalq meydandır.

Bir daha münasibətlərimizin bu cür təşəkkülündən məmnunluq ifadə edirəm və ümidvaram ki, gələcəkdə də belə yaxşı nəticələr olacaq. Bir daha xoş gəlmisiniz”.