“Ə” umuduna qalan qadınlar...

e-umuduna-qalan-qadinlar
Oxunma sayı: 3829

Nərmin Dadaşova

Həmişə musiqi zövqü və yumor hissi olmayan adamlardan uzaq durmağa çalışıram. Bilmirəm niyəsə belə adamların enejisi məni yerin dibinə sürükləyir. Bu gündən sabaha çıxmaq ümidimi azaldır, yazın ortasında qış effekti yaradır, masamın üstündəki çəhrayı yasəmənləri bozun əlli çalarına boyayırlar. Yaşamaqçün yeyib içməkdən sonra zəruri olan amillərdi mənimçün: musiqi və yumor. Və nə yaxşı ki, adına Tanrı dediyimiz o müdhiş varlıq məni belə insanlardan xali etməyib və hətta yumor hissli insanları ətrafıma o qədər çox yığıb ki, sosial şəbəkədə paylaşılan əksər xəbərlərin zarafat ya ciddi olduğuna inana bilmək üçün xeyli vaxt itirəsi, araşdırma edəsi oluram. Məsələn, elə bu gün, səhər tezdən saytların biri belə bir başlıqlı xəbər paylaşıb “Kürdəmir işğal olundu” sonra məlum oldu ki, xəbərin başlığı “zarafatyana” seçilib, məğzi tamam başqadı. Oyununuz olsun, Kürdəmiri axı kim, nəyə görə işğal eləsin?

Sözüm onda yox, keçənlərdə gündəmi dilimizə yeni gətirdiyimiz sözlərin yaratdığı “şok” effekti silkələdi. Camaat dəydi bir-birinə, xüsusilə söz adamları. Bilmədik gecikmiş bir aprel zarafatıdı, yalandı, gerçəkdi, yoxsa Tanrı bizi sınağa çəkir? Gecə yatdıq, səhər oyandıq ki, qadın sürücülərə artıq süranə deyilir, “şpilkaya” ipəzor, ofisianta “süfrəçi”... Kaş bu qədər dərinə getməzdik.

Söhbəti yenə qadın-kişi mövzusuna çevirdi deyəcəksiz bəlkə də, amma vallah, belə niyyətim yoxdu, sadəcə bu abzası yazmasam olmaz. Deməli illərdir qadınlar gender bərabərliyi uğrunda savaşır, baxmayaraq ki, bunu etməklə kişiləri iki pillə yuxarı dartırıq, öz yanımıza. Niyə, əziz kişilər? Ona görə ki, sizin işiniz-gücünüz səhər yuxudan durub işə getməkdir, axşam da gəlib yemək yeyib televizora baxmaq. Biz isə, sizinlə eyni vaxtda çıxdığımız evə sizdən əvvəl çatıb bir loxma yemək bişirməli, çay dəmləməli, süfrə açmalı, sonra yumalı-yığışdırmalı, uşaqları yatırtmalıyıq. Bəs siz nə edirsiz, əziz dilçilər (içimdəki hiss sizin kişi olduğunuzu deyir) bu boyda əziyyətimizin qarşılığında - siz müəllim olanda, biz müəllimə oluruq, siz şair olanda biz şairə oluruq, siz sürücü olanda biz “süranə”oluruq. Yəni, niyə sözün kökü siz, şəkilçisi bizik? Daha gözəl ifadə etmək olmazdımı, illah da bir “ə”nin umudunamı qalmalıydıq?

Çox gözəl funksiyası olan, məişətdə əlimizdən “yapışan” dəyərli əşyamız- şpilka, niyə axı, “ipəzor” oldu? Əgər məqsəd əşyanı izah etmək idisə, kaş ki, “paltara dəstək” deyərdiz.

Hələ “ofisiant”- o boyda boylu buxunlu, yarlı -yaraşıqlı gəncə necə rəva bildiz, süfrəçi sözünü. Uşaq vaxtı yerə düşən tikəni götürən dostlarımıza “yerdənçi” deyirdik, ondanmı təsirləndiniz, anlamıram.

Ümid edirəm zaman keçdikcə qulağımız alışar bu yeni sözlərə. Yeniliyə can atmanız təqdirəlaiyqdi. Amma niyəsə bu can atışları, bu yeniliklər illərdi bizdə maraq yox, təəccüb doğurur. Yadınıza salın, “sanatoriya” sözünü “sanatori” , prafilaktoriyanı- praflaktori olduğu zamanları. Onda da ilk işimizi düşünmək yox, gülmək olmuşdu.