Əbədi sevgi...

ebedi-sevgi
Oxunma sayı: 2295

Xuraman Hüseynzadə

Knut Hamsunun “Torpağın bərəkəti” romanını oxuyanda özünü o yerlərdə-“Sellanro”da, “Ay işığı”nda hiss eləyirsən. İsakla İngerin torpağa məhəbbəti heyrətə gətirir səni. Bu insanların boş, baxımsız torpaqda yaratdığı xarüqələrin bir səbəbi vardı: Həmin torpağa sevgi!

Yurd-yuvasından didərgin düşən bir qohumum ağlaya-ağlaya dedi ki, kaş öz evimə qayıdaydım, bir ovuc külü qalaydı evimin, eybi yox, mən oranı təzədən gülüstana döndərərdim...

Knut Hamsun o əsəri yazmaqla göstərmişdi ki, sənayeləşmənin cəmiyyətə gətirdiyi yenilikləri qəbul eləmir. Eyni zamanda torpağa sevgini daha dərindən aşılamışdı oxucuya. Bu sevgi rahatlığın, az zəhmətin qarantı olan texnolojinin yox, insan əllərinin sayəsində yaranmışdı.

***

Maqnit Rezonans Tomoqrafiyasında (MRT) işləyir yaxın qohumum. Deyir, ağır xəstəliklərdən əziyyət çəkən adamları müayinə eləmək çox çətindi. MRT aparatını tabuta, məzara bənzədib ağlaya-ağlaya çıxırlar. (Təsəlli bəzən sədəqəyə dönür: əlini göylərə açıb aman diləyənə vermək olmur onu). Biri ötən il kövrələrək deyib ki, sizin bu qurğudan torpaq iyi gəlir. Torpağın ətri yox a, iyi. Məzar qoxusu...

Amma o xəstə sonra sağalıb. İndi yaxşıdı, deyir qohumum. Gedib kəndə. Orda əkir, biçir, özünü gümrah hiss eləyir. “Şükür ki, torpağın iyini yox, ətrini çəkirəm sinəmə. Torpağı sevdim, o da məni yaşatdı”, -deyirmiş həkimə.

***

Xalam dünyasını dəyişəndə uşağıydım. Qohum tay-tuşlarımla ölüm haqda çox düşünmüşdük o zaman. Xüsusən torpaq haqda. Yadımdadı ki, ən çox müzakirə elədiyimiz mövzu torpağın bitkiləri cücərdib, adamları çürütməsi olurdu. Xalamın böyük qızı Bənövşə bizə deyirdi ki, insanlar öz əməlləri ilə cücərir. Bunun mənasını çox sonralar başa düşdüm: Dünyasını vaxtsız dəyişən Bənövşənin əri iki balasına həm ata, həm ana olanda; ölən arvadına xəyanət etməyib evlənməyəndə; onun məzarını gülüstana döndərəndə; məzarın torpağını öpəndə, qoxulayanda, qoxusunu içinə çəkəndə və... Ağlamaqdan gözləri tutulanda.

***

Bir əbədi sevgi var-torpaq sevgisi...