Əbülfəs Qarayev Cenevrədə səfərdədir

ebulfes-qarayev-cenevrede-seferdedir
Oxunma sayı: 654

Mədəniyyət naziri Əbülfəs Qarayev “Silahlı münaqişə dövründə mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası”nın 1999-cu ildə qəbul olunmuş İkinci Protokolunun 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək məqsədilə İsveçrənin Cenevrə şəhərində səfərdədir. 

“Qafqazinfo” xəbər verir ki, YUNESKO və İsveçrə Hökumətinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov, Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova daxildir.

Nazir konfransın Nazirlər Panelində çıxışı zamanı Konvensiyanın əhəmiyyətindən danışaraq Konvensiya və onun 2 protokolunun Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ilk qoşulduğu sənədlərdən olduğunu vurğulayıb. 

Nazir, həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və 1954-cü il Haaqa Konvensiyasının müddəalarına zidd olaraq işğal olunmuş ərazilərdəki mədəni irs nümunələrinin Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldığı barədə konfrans iştirakçılarına məlumat verib. 

Tədbirdən sonra nazir Əbülfəs Qarayev konfransda iştirak edən bir neçə ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.